Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ÜST Qlobal Malyariya Proqramının direktorunun və ÜST Avropa Regional Bürosunun malyariya və digər parazitar xəstəliklər proqramının rəhbərinin Bakıya səfəri başlanıb

28-31 mart 2011-ci il tarixdə Ümumdünya Səhiyyə Təşkilatı Qlobal Malyariya Proqramının direktoru cənab Robert Nyuman və Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun malyariya və digər parazitar xəstəliklər proqramının rəhbəri cənab Mixail Ejovun Bakıya səfərləri başlamışdır.

 

Bu gün qonaqlarla səhiyyə nazirliyində görüş kecirilmişdir. Görüşdə qonaqlar Azərbaycanda malyariya ilə mübarizə sahəsində əldə edilmiş nailiyyətlərlə tanış olmuşlar, eləcə də, bu sahədə uğurlu və məhsuldar ikitərəfli əməkdaşlığın gələcək inkişaf yolları müzakirə olunmuşdur.

 

Səfər çərçivəsində müvafiq idarə və müəssisələrin və partnyor təşkilatların rəsmiləri ilə görüşlər aparılacaq, malyariyaya görə endemik ərazilərə baxış keçiriləcəkdir.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 3.3 milyard insan, yəni dünya əhalisinin yarısı malyariya ilə yoluxma riski altında yaşayır. Hər il dünyada təxminən 250 milyon malyariya hadısəsi qeydə alınır və bunlardan təxminən bir milyonu ölümlə nəticələnir. Malyariya xüsusilə Afrika regionu üçün böyük bəladır. Dünyada hər 30 saniyədə bir uşaq malyariyadan dünyasını dəyişir.

 

Azərbaycanda malyariyaya görə vəziyyət 1990-cı ildən sonra çox sürətlə pisləşməyə başlamışdır. Baş vermiş epidemiya 1996-cı ildə ən yüksək səviyyəyə çatmışdır. Həmin il malyariya hadisələrinin sayı 13135 olmuşdur. Ölkədə geniş miqyaslı əksepidemik tədbirlərin aparılmasının nəticəsində malyariyaya görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşaraq 2010-cu ildə cəmi 50 hadisə qeydə alınmışdır.

 

2005-ci ilin dekabrında Azərbaycan Avropa Regionu ölkələrində «Malyariya ilə mübarizədən onun eliminasiyasına doğru irəli» deklarasiyasına qoşularaq malyariya problemi ilə mübarizəyə siyasi dəstək və tərəfdarlığını bir daha təsdiq etmişdir.

 

2008-ci ildə Azərbaycanda Malyariyanın Eliminasiyası üzrə 2008-2013-cü illər üçün Milli Strategiya və tədbirlər Planı qəbul edilmişdir. Yeni milli strategiyanın son məqsədi, respublikanın malyariogen rayonlarında 2013-ci ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi və onun eliminasiyasıdır. Hal-hazırda Milli Strategiya uğurla həyata kecirilir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

29/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013