Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regionu üzrə Daimi Komitəsinin növbəti iclasında iştirak etmişdir

30-31 mart 2011-ci il tarixlərdə Danimarka Krallığının Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regionu üzrə Daimi Komitəsinin 18-ci çağırışının üçüncü iclası keçirilib.

 

Tədbirdə Daimi Komitəyə üzv dövlətlərin nümayəndələri, habelə ÜST-nın Avropa Regionu üzrə rəhbərliyi Katibliyinin nümayəndələri iştirak ediblər.

 

İclasda Azərbaycan tərəfi 12-15 sentyabr 2011-ci il tarixlərində Bakıda keçiriləcək ÜST Avropa Regionunun 61-ci sessiyasının keçirilməsinə dair təşkilatı məsələlər, görülmüş işlər, habelə Azərbaycan Respublikası Hökumətinin aidiyyəti qurumları ilə ÜST Katibliyinin görüşlərinə dair məruzə ilə çıxış etmişdir.

 

Qeyd edək ki, 2012-ci ilin may ayında ÜST-nin İcraiyyə Komitəsində Estoniya, Almaniya, Fransa və Serbiyanın üzvlük müddəti sona çatır. Həmin vakant yerlərə ÜST Avropa Regionundan Azərbaycan, Çernoqoriya, Xorvatiya, Slovakiya, Litva və Belçika öz nominasiyalarını təqdim etmişdilər.

 

Daimi Komitənin üzvlərinin yekdil səsləri ilə Azərbaycan Respublikasının 2012-ci ildən ÜST İcraiyyə Komitəsinə üzvlüyə təqdimatı qəbul olundu. Xatırladaq ki, ÜST rəhbər orqanlarının tarixində ilk dəfə olaraq hər hansı bir ölkə bir necə dəfə üzvlüyə qəbul olunur.

 

Belə ki, Azərbaycan Respublikası ardıcıl olaraq 2005-2008-ci illərdə İcraiyyə Komitəsində üzv olmuş və 2009-2012-ci illərdə Daimi Komitədə, 2012-2015-ci illərdə isə yenidən İcraiyyə Komitəsində təmsil olunacaq.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

6/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013