Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

7 aprel – Ümumdünya Sağlamlıq Günüdür

1950-ci ildən bəri hər il aprel ayının 7-də Ümumdünya Sağlamlıq Günü qeyd edilir.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Ümumdünya Sağlamlıq Gününü “Mikrob əleyhinə dərmanlara qarşı müqavimət. Bu gün tədbir görülməsə, sabah müalicə mümkün olmayacaq” devizi altında keçirir. 2011-ci il Ümumdünya Sağlamlıq Gününün mövzusu - mikrob əleyhinə dərmanlara qarşı müqavimət bu gün yoluxucu xəstəliklərin müalicəsi üçün istifadə olunan bir çox dərmanların bütün dünyada davamlı şəkildə öz təsirini saxlaması məsələsinin həllinə yönəldilir.

 

Biz insanların antibiotiklərdən, eləcə də bir neçə on il, hətta bir neçə il bundan əvvəl İİV/QİÇS halında öldürücü hesab olunan xəstəliklərin müalicəsi üçün istifadə edilən mikrob əleyhinə digər dərmanlardan asılı olduğu bir dövrdə yaşayırıq. Mikrob əleyhinə dərmanlara qarşı müqavimət (bu, dərmanlara qarşı müqavimət də adlanır) baş verdikdə, həmin dərmanlar təsirsiz qalır. ÜST bu dərmanları gələcək nəsillər üçün qoruyub saxlamaq işinə qlobal öhdəliyi gücləndirməyə çağırır.

 

Mikrob əleyhinə maddələr bakteriyaların, göbələklərin, parazitlərin və virusların yaratdığı infeksiyaların törətdiyi xəstəlikləri müalicə etmək üçün istifadə edilən dərmanlardır. Mikrob əleyhinə dərmanların kəşf edilməsi bəşər tarixində səhiyyənin ən mühüm nailiyyətlərindən biridir – onlar xəstəlikləri azaltmış və insanların həyatlarını xilas etmişdir. Bununla belə, son 70 ildə təbabətdə və baytarlıqda mikrob əleyhinə dərmanlardan səhv istifadə olunması həmin dərmanlara qarşı müqaviməti olan müxtəlif saylı və növlü mikroorqanizmlərin amansız şəkildə törəyib-artmasına səbəb olmuşdur ki, bu da ölümlərin, xəstəliklərin və əlilliklərin sayının çoxalmasına, eləcə də müalicə xərclərinin daha da artmasına səbəb olmuşdur.

Hesablamalara görə, hər il təkcə Avropa Birliyində 25000 nəfərdən çox insan əksər hallarda onlara xəstəxanalarda yoluxmuş antibiotiklərə müqaviməti olan bakteriya infeksiyalarından ölür. Əlimizdə məlumat olmadığına görə, ÜST-ün 53 ölkəni əhatə edən daha geniş Avropa Regionunda bu səbəbdən ölənlərin sayı məlum deyil, lakin özünü göstərən əlamətlər vəziyyətin daha da pis olduğundan xəbər verir. Regiondakı həkimlər və alimlər ehtiyat edirlər ki, antibiotiklərə müqaviməti olan infeksiyaların əmələ gəlməsinə və yayılmasına səbəb olan antibiotiklərdən səhlənkar istifadə ilə biz, antibiotiklər kəşf edilməzdən əvvəlki dövrə qayıda bilərik ki, o zaman sadə infeksiyalar müalicə olunmaya, adi əməliyyatlar və müdaxilələr həyat üçün təhlükə yarada bilər.

 

“Biz antibiotiklərə müqavimətin görünməz səviyyəyə qalxdığı kritik bir zamana gəlib çatdığımız və yeni antibiotiklərin kifayət qədər tez yaranmayacağı ilə bağlı həyəcan siqnalı qaldırmalıyıq, - deyə ÜST-ün Avropa üzrə Regional Direktoru Jujanna Cakab bildirmişdir. “Antibiotiklər dəyərli kəşfdir, lakin biz onları layiqincə qiymətləndirmirik, onlardan sui-istifadə edir və onları izafi işlədirik: indi hər hansı dərmanın təsir etmədiyi super-bakteriyalar yaranmışdır. Avropada və dünyada səyahətlərin və ticarətin artması ilə əlaqədar insanlar anlamalıdır ki, bütün ölkələr bu problemi həll etməsə, ayrılıqda heç bir ölkə təhlükəsiz olmayacaq”.

 

ÜST-ün Azərbaycandakı Nümayəndəliyi öz tərəfdaşları ilə birgə 2011-cu il Ümumdünya Səhiyyə Günü ilə əlaqədar silsilə görüşlər və ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə tədbirlər təşkil edir.

 

Ümumdünya Sağlamlıq Günü haqqında

 

1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. Ümumdünya Sağlamlıq Günü 7 apreldən sonra belə davam edən uzunmüddətli ictimai maarifləndirmə proqramlarının başlanması ilə səciyyələnir.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) haqqında

 

Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. O, 7 aprel 1948-ci ildə yaradılmışdır. ÜST-ün Nizamnaməsində qeyd olunduğu kimi, onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən olunur.

 

ÜST özünün Ümumdünya Səhiyyə Assambleyası vasitəsilə 193 Üzv Dövlət tərəfindən idarə olunur. Bu Assambleya ÜST-ə Üzv Dövlətlərdən olan nümayəndələrdən ibarətdir. Ümumdünya Səhiyyə Assambleyasının əsas vəzifəsi ÜST-ün proqramı və növbəti ikiillik müddət üzrə büdcəsinin təsdiqi və siyasət məsələləri üzrə qərarların qəbul edilməsidir.

 

 

Daha ətraflı məlumat üçün aşağıdakı mənbəyə müraciət etməniz xahiş olunur:

 

http://www.euro.who.int/whd2011

 

yaxud bu ünvanla əlaqə saxlaya bilərsiniz:

Dr. Elxan Qasımov, ÜST-ün Azərbaycandakı Nümayəndəliyi

Telefon: (012) 498 9888 daxili 159

E-poçt: ELG@euro.who.int

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı





7/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013