Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar rayonlarda Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar tam nəzarətdədir

Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar rayonlarda Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar tam nəzarətdədir Bu günə kimi ərazidə məskunlaşmış 4 minə yaxın insan tibbi müayinədən keçmişdir, 150 nəfər hospitallaşdırılmışdır. Ümumilikdə 79 hamilə qadın qeydiyyata götürülmüşdür ki, onlardan da 14-ü artıq azad olmuşdur. Dünyaya gəlmiş 8 qız və 6 oğlan uşağının, həmçinin anaların vəziyyəti yaxşıdır.

 

Zahı qadınlardan 10-u bütün dərman, geyim, bezlər, xüsusi uşaq qidaları hətta uşaq arabaları da təmin olunaraq evə buraxılmışlar. Öz evlərində lazımı şərait olmayan iki zahı qadın uşaqları ilə birgə tibb işçilərinin evlərində qalırlar. Qalan 4 zahı eləcə də hamiləliyin son aylarında olan 10 qadın hələ də Doğum evlərindədir.

 

Ümumiyyətlə çadır şəhərciyində 655 azyaşlı uşaq var. Onlardan 33-ü - 0,5 yaş arası, 482 uşaq isə 1-5 və 18 yaş arasındadır. Havaların və çadırların həddən artıq isti olması ilə əlaqədar profilaktik məqsədlərlə nisbətən zəif orqanizmli 22 uşaq yaradılmış tibbi məntəqələrdə yerləşdirilmişlər. 1 uşaq anadangəlmə sepsislə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna göndərilmişdir. 1 uşağın üzərində cərrahi əməliyyat aparılmışdır ki, onun da hazırkı vəziyyəti qənaətbəxşdir.

 

Çadırda olan 33 şəkər xəstəsinə özünənəzarət aparatları paylanmış, 6 ruhi xəstə nevroloji şöbələrə yerləşdirilmişdir. Sel və daşqından zərər çəkənlərin məskunlaşdığı yerlərdə infeksion xəstəliklərin yaranmasının və yayılmasının qarşısını almaq məqsədi ilə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri də gün ərzində bir necə dəfə aparılır. Fövqəladə vəziyyətlə əlaqədar təcili tibbi yardım maşınları eləcədə təhlükə zonasına yaxın rayonların tibb işçiləri də səfərbər olunub.

 

Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar tam nəzarətdə saxlanır və bu qayda təhlükə aradan qalxanadək davam edəcək.

 

Mətbuat Xidmətinin məlumatı

3/08/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013