Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

QİÇS-dən dünyasını dəyişmiş insanların Ümumdünya xatirə günü keçiriləcək

Hər il may ayının üçüncü bazar günündə QİÇS-dən dünyasını dəyişmiş insanların Ümumdünya xatirə günü keçirilir.

 

Xatirə günü ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində QİÇS problemini şəxsən yaşayan və ondan ciddi narahat olan insanlar tərəfindən təsis olunmuş və keçirilmişdir. O zaman QİÇS-dən ölənlərin sayı bir neçə min nəfər olmuşdur.

 

Bu il Ümumdünya xatirə günü 28-ci dəfədir ki, qeyd olunur və QİÇS-dən ölənlərin sayı artıq milyonlarla ölçülür. Bu gün məhz onların xatirəsinin yad edilməsi, bütün insanların isə QİÇS haqqında düşünmələri, irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, heç kəsin QİÇS-dən sığortalanmadığını dərk etmələri üçün keçirilir. Xatirə günü eyni zamanda cəmiyyətin diqqətini bu problemə cəlb etmək, İİV/QİÇS-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır. Xatirə günü həm də İİV/QİÇS-lə yaşayan insanlara, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək məqsədi ilə qeyd edilir.

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da QİÇS-dən dünyasını dəyişmiş insanların xatirəsi ənənəvi olaraq anılır və Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Ümumdünya xatirə gününə həsr olunmuş bir sıra tədbirlər həyata keçirilir.

 

14.05.2011-ci il tarixdə Mərkəzdə dövlət, beynəlxalq, qeyri-hökumət və dini təşkilatların, eləcə də KİV nümayəndələrinin iştirakı ilə «Unutmayaq və

QİÇS-ə qarşı birləşək» şuarı altında dəyirmi masanın keçirilməsi planlaşdırılmışdır.

 

PRESS-RELİZ

 

12/05/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013