Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb mütəxəssisləri sertifikasiya haqqında maarifləndirilirlər

Dünyanın bir çox ölkələrində həyata keçirilən tibb mütəxəssislərinin sertifikatlaşdırılması təcrübəsi göstərirki bu prosesin uğurlu həyata keçirilməsində maarifləndirmə, kommunikasiya kampaniyaları böyük rol oynayır. Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının yeni həyata keçirildiyini nəzərə alaraq, səhiyyə mütəxəssislərinin sertifikasiya haqqında biliklərinin artırılmasının, maarifləndirmə işinin əhəmiyyəti dahada artır. 2011-ci il aprel ayının sonlarından başlayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Səhiyyə Sektorunda İslahatlar Layihəsinin dəstəyi ilə Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası tərəfindən “Tibb mütəxəssislərinin sertifikasiya ilə bağlı maarifləndirilməsi” layihəsi həyata keçirilir. Səhiyyə müəssisələrində məlumatlandırma təlimləri keçirilir, səhiyyə işçilərinin sertifikasiya ilə bağlı sualları yerindəcə cavablandırılır, hazırlıq üçün məsləhətlər verilir. Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya ilə bağlı kommunikasiya materialları (“Suallar və Cavablar”, “Sertifikasiyaya hazırlıq üçün tövsiyyələr”, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası ilə bağlı normativ-hüquqi aktlar”) nəşr edilərək səhiyyə müəssisələrində keçirilən təlimlər zamanı iştirakçılar arasında paylanılır. Bununla yanaşı, Sertifikasiya Komissiyası tərəfindən hazırlanmış sertifikasiyaya hazırlıq üçün istifadə olunan ədəbiyyatların elektron forması iştirakçılara təqdim olunur.

 

Üç ay ərzində keçiriləcək məlumatlandırma sesiyaları ölkənin bütün regionlarını əhatə edəcəkdir.

 

Mətbuat xidmətinin məlumatı

17/05/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013