Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Assambleyasının 64-cü sessiyasında iştirak etmişdir

16-24 may 2011-ci il tarixdə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 64-cü sessiyası keçirilmişdir.

 

Ümumdünya Səhiyyə Assambleyasının 64-cü sessiyası 16 may 2011-ci il tarixdə öz işinə başlamışdır və hər il olduğu kimi 64-cü sessiyada da Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Marqaret Çan hesabat məruzəsi ilə çıxış etmişdir.

 

Baş Direktor öz məruzəsində təşkilatın son illərdə qazandığı nailiyyətlərdən, yeni təzahür edən infeksion xəstəliklərə qarşı effektiv mübarizə metodlarının tətbiqindən, geniş masştablı immunizasiya tədbirlərindən, Minilliyin inkişaf məqsədlərində səhiyyəyə aid hədəflərin təyini və onlara nail olmaqdan, AİDS-lə mübarizə metodlarından və antiretroviral müalicənin geniş tətbiq edilməsindən, digər beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən, bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən, habelə üzv ölkələrin səhiyyə və sosial sferaya maliyyə yatırımlarından və bunun müstəsna əhəmiyyətindən söz açmışdır.

 

Baş Direktor ana və uşaq sağlamlığının qorunması və son zamanlar Yaxın Şərqdə baş verən siyasi hadisələrdə səhiyyə məsələlərinin həlli, habelə infeksion və qeyri infeksion xəstəliklərə qarşı aparılan mübarizənin uğurlu nəticələrindən söz açmışdır. Baş Direktor öz nitqində qeyri infeksion xəstəliklərə qarşı mübarizənin qloballaşdırılması və bunun bütün ÜST regionlarına şamil edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır.

 

İlkin plenar müşavirələrdən sonra Assambleya öz işini A və B Komitələrində davam etdirmişdir.

 

A Komitəsində səhiyyənin texniki məsələləri, Beynəlxalq Tibbi-Sanitar Qaydaların həyata keçirilməsi, İctimai səhiyyə və innovasiyalar, Minilliyin İnkişaf Məqsədlərində səhiyyə məsələləri, orta müddətli strateji planın təsdiq edilməsi, infeksion xəstəliklərlə mübarizə, yeni doğulmuşların qidalanması, malyariya, vəbaya qarşı mübarizə, poliomielitin aradan qaldırılması, qan məhsullarının təhlükəsizliyi və keyfiyyəti, səhiyyə sahəsində elmi tədqiqat işlərinin aparılmasında ÜST-nın rolu, qlobal immunizasiya strategiyası, işğal olunmuş Fələstin ərazilərində səhiyyənin vəziyyəti, təbii çiçək ehtiyatlarının ləğv edilməsi və digər məsələlər müzakirə olunmuşdur.

 

A Komitəsində malyariyaya müalicəsində dərmanların səmərəli istifadəsi, işğal olunmuş Fələstin ərazilərində səhiyyənin vəziyyəti və təbii çiçək ehtiyatlarının ləğvi məsələləri xüsusilə geniş debatlarla müşahidə, B Komitəsində isə səhiyyə sahəsində həyata keçirilən proqramlar və büdcə, 2006-2015-ci illər üçün 11-ci ümumi iş planının müzakirəsi, ÜST üzv ölkələrinin üzvlük haqqının ödənişləri haqqında hesabat, təftiş və nəzarət məsələləri, ÜST işçiləri üçün təqaüd fondunun təsisatı və digər məsələlər müzakirə edilmişdir.

 

Ümumdünya Səhiyyə Assambleyasının 64-cü sessiyasının keçirildiyi tarixlərdə Azərbaycan nümayəndə heyəti ÜST Baş Direktoru və Direktorun Katibliyi ilə, Belarus Respublikasının Səhiyyə Naziri ilə, Daimi Komitədə tərəf müqabilimiz olan Andorra Knyazlığının nümayəndə heyətinin rəhbəri, Malta Respublikasının Səhiyyə Naziri, ÜST Avropa Regional Direktoru ilə, habelə Vaksinasiya və İmmunizasiya üzrə Qlobal Alyansın və Ümumdünya Səhiyyə Təşkilatı Katibliyi ilə işçi görüşlər keçirilmişdir.

2/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013