Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rezidentura təhsilinin təşkili ilə bağlı görülmüş işlərə dair kollegiya iclası keçirildi

Azərbaycan Respublikasında əhalini keyfiyyətli tibbi xidmətlə təminatını yaxşılaşdırmaq, eləcədə müvafiq bilik və bacarıqlara malik kadr potensialının formalaşdırılması istiqamətində səhiyyə sistemində rezidenturaya qəbul məsələlərini müzakirə etmək məqsədi ilə bu gün geniş kollegiya iclası keçirilib.

 

İclası giriş sözü ilə acan Səhiyyə naziri Oqtay Şirəliyev tibb təhsilindəki yeniliklər o, cümlədən rezidenturaya keçid mərhələsi haqda kollegiya iştirakçılarına qısaca məlumat verdi.

Daha sonra rezidentura təhsilinin təşkili və görülmüş nəzəri işlər barəsində danışmaq üçün söz Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayevaya verildi.

 

Aparat rəhbəri 19 iyun 2009-cu il tarixində qəbul edilmiş Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu ilə tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı formalarından biri kimi rezidentura təhsili müəyyən edildiyini dedi. Bu işdə bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda rezidentura təhsilinin tətbiqinin əsas məqsədi ölkəmizin ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyası, tibbi təhsilin keyfiyyətinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması, yüksək ixtisaslı həkim-mütəxəssislərin hazırlanması habelə ölkəmizdə verilmiş tibb təhsili sənədlərinin beynəlxalq səviyyədə tanınmasıdır.

 

18 mart 2010-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 50 nömrəli Qərarı ilə “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları ” təsdiq edilmiş və bu Qaydalarda rezidenturanın təşkili ilə bağlı əsas istiqamətləri - yəni, ixtisaslar üzrə müvafiq təhsil proqramları, təhsil alanların hazırlıq səviyyəsinə qoyulan tələblər, rezidenturada təhsil müddəti, baza təhsil müəssisələri, tədris yükü və digərləri müəyyən edilmişdir. Eyni zamanda, 6 sentyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 164 nömrəli Qərarı ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının siyahısı” təsdiq edilmişdir.

 

Z. Mustafayeva qeyd etdi ki, Azərbaycanda Səhiyyə Sektorunun İslahatlar Layihəsi çərçivəsində beynəlxalq məsləhətçilərin dünya təhsil sistemində qəbul olunmuş təcrübəyə əsaslanan təkliflərini nəzərə alaraq, Səhiyyə Nazirliyi 23 iyul 2010 il tarixində rezidenturada həkim-mütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında 57 nömrəli əmr imzalamışdır.

 

Bu əmrə əsasən, 2011-ci ildən başlayaraq baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin siyahısı, xarici ölkələrin təcrübəsinə əsaslanaraq siyahıda olan 40 ixtisas üzrə rezidenturada təhsil müddəti, o cümlədən rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan elm-təhsil müəssisələri və klinikalarının siyahısı təsdiq edilmişdir.

 

Eyni zamanda bildirildi ki, 2011-ci il üçün rezidenturaya həkim ixtisasları üzrə qəbul planı təsdiq olunmuşdur. Bu plana əsasən, səhiyyədə müxtəlif sahələr üzrə tibb mütəxəssislərinə olan mövcud və proqnozlaşdırılmış tələbata uyğun olaraq, 2011-2012-ci illərdə qəbul olunacaq rezidentlərin sayı 300 nəfər müəyyən edilmiş və bu il qəbul olunan rezidentlərin ödənişsiz əsaslarla təhsil alması nəzərdə tutulmuşdur.

 

Rezidenturaya qəbul olmaqdan imtina edən və rezidentura imtahanlarından uğursuz keçən həkimlərə gəldikdə isə, Z.Mustafayeva bildirdi ki, onlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrdə baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin mövcud olan vakansiyalarına əsasən həmin müəssisələrə müraciət edə və işlə təmin ola bilərlər.

 

Uğurla imtahanları keçən və rezidenturaya qəbul olan, hər hansı bir ixtisasla təmin olunmuş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Rezidenturaya qəbul müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. Rezidenturaya qəbul qaydalarına gəlincə isə aparat rəhbəri vurğuladı ki, rezidenturaya qəbul imtahanlarında həm 2011-ci ilin məzunları, həmdə yaş məhdudiyyəti qoyulmadan, həkimlər iştirak edə bilər.

 

Z.Mustafayeva çıxışının sonunda ölkəmizdə rezidentura təhsilinin tətbiqi sahəsində görülmüş və görüləcək işlər bu sahədə qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan verəcəyini əminliklə qeyd etdi.

Daha sonra rezidenturaya keçidlə əlaqədar olaraq yüksək ixtisaslı həkim mütəxəssislərinin hazırlanmasında ATU kollektivinin qarşısında duran əsas vəzifələri məruzə edən Tibb Universitetinin rezidentura şöbəsinin müdiri H. Bağırov bu sahədə görülmüş praktiki işlər haqqında kollegiya iştirakçılarına məlumat verdi.

 

Bağırov bildirdi ki, rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli tərtib olunmuşdur Bu cədvələ müvafiq olaraq baza alı tibb təhsili səviyyəsində istiqamətlər müalicə işi və pediatriya, stomatologiya, tibbi biologiya, tibbi profilaktika üzrə qruplaşdırılmışdır. Rezidentura səviyyəsi üzrə baza və imtahana düşən fənlərin proqramları ATU-nun 100 nəfər ekspert müəllimləri tərəfindən hazırlanıb, tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilmişdir. Məruzəçi ATU kollektivinin, yeni keyfiyyətli mütəxəssis-həkim kadrlarının hazırlanması işində qarşıda duran vəzifələr haqqında məlumat verdi.

ATU-nun rektoru akademik Ə.T. Əmiraslanov çox böyük və məsuliyyətli bir işin - rezidenturaya keçid mərhələsinin getdikcə daha da təkmilləşəcəyini və bu istiqamətdə atılan addımlar, yeni işıq üzü görən elmi nəşrlər, rotasiya kimi məsələlərə də toxundu.

 

Daha sonra rezidentura mərhələsinə keçidə dair kollegiya iştirakçılarını maraqlandıran suallar səsləndirildi və bu səpkidə müzakirələr aparıldı.

 

Sonda Səhiyyə naziri Oqtay Şirəliyev rezidentura mərhələsinə keçid istiqamətində görülən işləri məqbul hesab etdiyini kollegiya iştirakçılarının nəzərə çatdırdı.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

3/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013