Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakı şəhərinin çimərliklərinin vəziyyəti barədə məlumat

Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətinə və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət məqsədi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən laboratoriya tədqiqat üsullarının tətbiqi ilə müayinələr və araşdırmalar aparılmışdır.

 

Aparılmış araşdırmalar Mərdəkan-Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəricilərinin norma səviyyəsində olduğunu göstərmişdir.

 

Araşdırmalar zamanı həmçinin, məlum olmuşdur ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. Şıx çimərliyinin sanitariya-mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci yaşayış sahəsi ərazilərindən və digər tərəfdən, Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə, Sahil təmizləyici qurğular stansiyasında təmir-yenidənqurma işləri başa çatdırılmadığından, təmizlənməmiş çirkab suların axıdılması davam etməkdədir.

Aparılmış laboratoriya müayinələri nəticələrinə görə göstərilən çimərliklərin ərazilərində dəniz suyunun bakterioloji çirkənmə göstəricilərinin də normadan yüksək olduğu aşkar edilmişdir.

 

Mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən, Şıx çimərliyinin, Qaradağ rayonun Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərar qüvvədə saxlanmışdır.

 

Qəbul edilmiş qərarın icrasına köməklik göstərilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə, Fövqaladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı şəhəri Baş Polis İdarəsinə müraciət olunmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013