Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib (FOTO, VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər.

 

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına tibb müəssisəsində yaradılan şərait barədə məlumat verib. Qeyd olunub ki, Quba Rayon Mərkəzi Xəstəxanası 1964-cü ildə istifadəyə verilib, lakin uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina istismara yararsız vəziyyətdə idi. 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.

 

Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız Quba sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir.

 

2004-2018-ci illərdə ölkə üzrə 17 şəhər və rayonda mərkəzi xəstəxanalar yenidən tikilib. Bu illər ərzində regionlarda yerləşən 28 xəstəxana binası əsaslı təmir olunub. Artıq Goranboy, Qazax, Qobustan və Şəmkir rayon mərkəzi xəstəxanalarının tikintisi də başa çatdırılıb, Abşeron Füzuli və Qəbələ rayon mərkəzi xəstəxana binalarının inşası isə davam edir.

Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.

 

Dövlətimizin başçısı görüşdə çıxış edib.

 

Prezident İlham Əliyevin çıxışı

 

- Bu gün Quba şəhərində çox əlamətdar bir gündür. Qubada Mərkəzi Rayon Xəstəxanası açılır. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl tibb müəssisəsidir, ən yüksək, müasir standartlara cavab verir. Həm xarici görünüşü, həm daxili tərtibatı və dizaynı çox gözəldir. Əlbəttə ki, burada quraşdırılan tibbi avadanlıq ən yüksək standartlara malikdir. Əminəm ki, burada xəstələrə çox gözəl tibbi xidmət göstəriləcək və xəstələr şəfa tapacaqlar.

 

Bu tibb müəssisəsi həkimlərin iş yeridir və həkimlərin iş yeri belə gözəl səviyyədə olmalıdır. Bu xəstəxanada bütün şöbələr var. Burada bütün xəstəliklərin müalicəsi mümkündür. Eyni zamanda, diaqnostikası da mümkündür. Onu da deməliyəm ki, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Quba şəhərində müalicə-diaqnostika mərkəzi yaradılmışdır. Bu xəstəxana Qubada ikinci böyük tibb müəssisəsidir. Əminəm ki, Quba sakinləri bu imkanlardan istifadə edəcəklər.

 

Belə müasir xəstəxananın bölgədə yaradılması bizim siyasətimizi göstərir. Bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır. Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər.

 

Son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir.

 

İnsan sağlamlığını şərtləndirən bir çox amillər var. Onların arasında, ilk növbədə, sağlam həyat tərzidir. Mən bütün vətəndaşlara buradan müraciət edirəm ki, sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır. Diaqnostika, əlbəttə ki, çox vacib rol oynayır. Bu gün ölkəmizdə mövcud olan laboratoriyalar bütün analizləri edə bilər. Vətəndaşlar hər il kütləvi şəkildə müayinədən keçirlər və beləliklə, ciddi xəstəliklərin qarşısı alınır. Profilaktika çox önəmli rol oynayır. Digər tərəfdən, ölkəmizin ekoloji vəziyyəti, əlbəttə ki, insanların sağlamlığına birbaşa təsir göstərir. Bu istiqamətdə də çox vacib addımlar atılır. Havanı çirkləndirən müəssisələrdə, ictimai obyektlərdə təmizləyici qurğular quraşdırılır. İçməli su layihələri uğurla icra edilir, o cümlədən Quba şəhərində beş il bundan əvvəl mənim iştirakımla içməli su layihəsi istifadəyə verilmişdir. İndi müvafiq qurumlar qida təhlükəsizliyi ilə bağlı çox ciddi məşğuldurlar. Keyfiyyətsiz, bəzi hallarda saxta üsullarla hazırlanan qidalar aşkarlanır. Bu cinayətlərə yol verənlər isə cinayət məsuliyyətinə cəlb edilir. İdman, əlbəttə ki, insanların sağlamlığı üçün çox önəmli bir amildir. İdmanla məşğul olmaq üçün indi ölkəmizdə bütün şərait var.

 

Yəni, biz bu sahəyə kompleks şəkildə yanaşırıq. Səhiyyə sisteminin təkmilləşdirilməsi sosial siyasətimizin əsas istiqamətlərindən biridir və bu yolda çox böyük addımlar atmışıq, böyük uğurlara imza atmışıq. Onlardan biri də bu gözəl tibb müəssisəsidir.

 

Quba şəhərinin inkişafına həmişə böyük diqqət göstərilmişdir. Mən Prezident kimi, Quba rayonuna 10 dəfə səfər etmişəm. Bu, 11-ci səfərdir. Səfərlər zamanı bir çox obyektlərin açılışlarında iştirak etmişəm. Quba rayonunun inkişafı ilə bağlı çox ciddi tapşırıqlar verilmişdir. Onlar da uğurla icra edilir. Rayonda infrastruktur layihələri icra edilir. Mən içməli su layihəsini qeyd etdim. Bir neçə il bundan əvvəl “Şahdağ” elektrik stansiyasının tikintisi nəticəsində nəinki Quba rayonunun, bütün bölgənin elektrik təminatı böyük dərəcədə yaxşılaşıb. Avtomobil yollarının çəkilməsi davam etdirilir. Bu gün biz bir kənd yolunun açılışını qeyd etdik. Quba rayonunun əksər kəndlərində yollar artıq yaxşı vəziyyətdədir. Qalan layihələr də növbəti illərdə icra ediləcək. Digər infrastruktur layihələri ilə bağlı addımlar atılır. Ev təsərrüfatlarının 75 faizi təbii qaz ilə təmin edilib. Qırx səkkiz məktəb tikilib, yeddi məktəb əsaslı təmir edilib. “ASAN xidmət” mərkəzi yaradılıb, Gənclər evi, Şahmat məktəbi. Yəni, Quba şəhərində bir çox sosial və iqtisadi-sənaye obyektləri yaradılır, o cümlədən “Azərxalça” İstehsalat Birliyinin Quba filialı. Yəni, iş yerlərinin yaradılması, turizmin inkişafı üçün addımlar atılır. İndi Qubada turistlərin sayı da artır, həm yerli, həm xarici qonaqlar gəlirlər, yeni otellər açılır. Bu gün mən yeni tingçilik müəssisəsinin fəaliyyəti ilə tanış olmuşam. Kənd təsərrüfatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti olacaq.

 

Ona görə Quba rayonunun kompleks şəkildə inkişafı diqqət mərkəzindədir. Sosial-infrastruktur layihələrimiz, iş yerləri ilə bağlı olan layihələr, turizm, kənd təsərrüfatı. Rayon bu istiqamətdə bundan sonra da inkişaf edəcək. Əlavə göstərişlər də veriləcək. Mən daim rayonlardan gələn təkliflərə baxıram və o təkliflərin böyük hissəsi öz həllini tapır. Biz bunları regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində icra edirik.

 

Növbəti layihələr haqqında da sizə məlumat vermək istəyirəm. Quba şəhərində 5 kommunal ev var. O evlərin vəziyyəti o qədər də yaxşı deyil. Onların əvəzinə 48 mənzilli yeni yaşayış binası tikiləcək. Bu məsələ ilə bağlı müvafiq göstəriş veriləcək. Bir məktəbin tikintisi üçün əlavə vəsait ayrılacaq və kənd yollarının çəkilişi ilə bağlı əlavə tapşırıqlar veriləcək, o cümlədən Quba-Xınalıq yolunun yeni xətti çəkiləcək. Siz bilirsiniz ki, mənim təşəbbüsümlə təqribən on il bundan əvvəl biz Xınalığa yeni yol çəkdik. Artıq on il, bəlkə on ildən bir qədər çox vaxt keçib və bu yolun təmirinə ehtiyac var. Eyni zamanda, mənə verilən məlumata görə, yeni bir istiqamət var. Susay kəndindən Xınalıq kəndinə yeni yolun çəkilişi planlarımızdadır. O, 30 kilometrlik yoldur, eyni zamanda, o yoldan Qrız kəndinə də təxminən 5 kilometrlik bir yol çəkiləcək. Müvafiq göstəriş veriləcək.

 

Eyni zamanda, Quba-Qonaqkənd yolunun tamamilə yenidən qurulması ilə bağlı müvafiq göstəriş veriləcək. Bu yolun bir hissəsi Rustov kəndinə qədər artıq tikilib. Rustov kəndindən Qonaqkəndə qədər, düzdür, məsafə çox böyükdür və çox böyük maliyyə tələb edən layihədir. Ancaq biz bunu etməliyik. Çünki o yol üzərində bir çox kəndlər var, minlərlə insan yaşayır və indi yol, əlbəttə ki, çox pis vəziyyətdədir. Yəni, belə yol bizə yaraşmır.

 

Bax, bu layihələr növbəti mərhələdə icra ediləcək. Vəsait dərhal ayrılacaq. Digər layihələrlə bağlı, əlbəttə ki, vətəndaşlar, Quba rayonunun sakinləri müraciət etsinlər. Çünki biz indi regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının üzərində işləyirik. Dördüncü proqram gələn ilin əvvəlində qəbul ediləcək və bu gün Quba rayonunda hələ öz həllini tapmayan layihələr o proqrama salınmalıdır və salınacaq.

 

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram. Sağ olun.

 

Xəstəxananın kollektivi adından dövlətimizin başçısına minnətdarlığını bildirən həkim Kəmalə Heybətova dedi:

-Möhtərəm cənab Prezident və çox hörmətli Mehriban xanım.

İcazə verin, Quba rayonunun sakinləri adından Sizləri salamlayım və rayonumuza “Xoş gəlmisiniz!” deyim.

Bu gün bizim üçün çox əlamətdar bir gündür. Quba Diaqnostika Mərkəzindən sonra rayonumuzda möhtəşəm bir tibb ocağı Sizin xeyir-duanızla istifadəmizə verilir. Siz hər bir zaman çalışmısınız ki, dünya tibb sahəsində əldə edilən ixtiralar və yeniliklər Azərbaycanda da tətbiq olunsun. Bu, bir reallıqdır. Təkcə paytaxt Bakımızda deyil, respublikanın bütün bölgələrində ən müasir tibbi avadanlıqlarla təmin olunan səhiyyə ocaqları tikilir. Bəli, biz bu gün Quba Rayon Mərkəzi Xəstəxanasının timsalında bunun bir daha şahidi oluruq. Buna görə əhalimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, çalışacağıq vicdanla işləyək, əhalimizə layiqli tibbi xidmət göstərək, Sizin insan amilinə verdiyiniz dəyərə layiqli töhfəmizi verək.

 

Cənab Prezident, bilirik ki, insanların sağlamlığı Sizin və çox hörmətli Mehriban xanım üçün prioritet bir məsələdir. Biz hər birimiz Sizin diqqət və qayğınızı hər zaman öz üzərimizdə hiss edirik. Vətəndaşlarımızın ildə bir dəfə pulsuz tibbi müayinələrdən keçirilməsi buna bariz nümunədir. Tapşırığınıza əsasən aparılan tibbi müayinələr zamanı hətta özünü sağlam bilən bir çox insanda bəzi xəstəliklərin ilkin simptomlarını aşkar etmişik. Əgər bu insanlar vaxtında müayinə olunmasaydılar, daha ağır fəsadlarla üzləşə bilərdilər. Bu xəstəxanada bu cür tibbi müayinələr daha mütəşəkkil və daha yaxşı keçiriləcəkdir. Bu, bir mədəniyyətdir və bu mədəniyyəti bizə Siz aşıladınız. Bunun üçün Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.

 

Sizin bizə olan qayğınız təkcə bununla bitmir. Bütün bölgələrimiz kimi, Quba rayonu da gündən-günə gözəlləşir və sürətlə inkişaf edir. Bu gün Qubada insanların əhval-ruhiyyəsində bir yüksəliş, rayonumuzda bir canlanma hiss olunur. Küçələr abadlaşır, parklar, xiyabanlar salınır. Beynəlxalq standartlara uyğun turizm obyektləri fəaliyyət göstərir. Bəli, bu gün fəxrlə deyə bilərik ki, Quba bölgənin turizm mərkəzinə çevrilib. Heç də təsadüfi deyil ki, rayonumuz turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bütün bunlar Sizin fəaliyyətinizin sayəsində mümkün olub.

 

Cənab Prezident, Siz və Mehriban xanım hər bir azərbaycanlı üçün Vətəni sevməyin, xalqına, dövlətinə layiqli xidmətin nümunəsisiniz. Vətən qarşısında öz xidməti borcunu yerinə yetirən oğlunuz Heydərin andiçmə mərasimində iştirakınız buna bariz nümunədir.

 

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir kursantının anası kimi bu hisslər mənə çox doğmadır. Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun. Çox sağ olun, var olun.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

11/10/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..