Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirilib (FOTO)

25-26 oktyabr 2018-ci il tarixdə Astana (Qazaxıstan) şəhərində İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirilib. Qazaxıstan hökuməti, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən, Almatı Deklarasiyasının 40 illiyinə həsr olunmuş konsfransın əsas məqsədi səhiyyə sahəsində ilkin səhiyyə xidmətinin inkişafında yeni bir istiqamətin yaradılmasıdır.

 

Konfransda 146 ölkədən 2 minə yaxın nümayəndə, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Fatoş Hande Harmancı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə də iştirak edib.

 

Konfransda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə İlkin Səhiyyə Xidmətinə dair yeni Bəyannamə qəbul edildi. Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayacaq İlkin Səhiyyə Xidməti beynəlxalq təcrübəyə əsaslanan, effektivliyi sübut olunmuş strategiyadır.

 

Qeyd edək ki, İlkin Səhiyyə Xidməti mükəmməl bir model kimi 40 il əvvəl, 1978-ci ildə Alma-Atada (Qazaxıstan) keçirilən beynəlxalq konfransdan sonra təbliğ olunmağa başlanıb. Konfrans çərçivəsində qəbul olunmuş “Alma-Ata deklarasiyası” Dünya Səhiyyə Təşkilatının “Hamı üçün sağlamlıq” adlı qlobal strategiyasının əsas konsepsiyasına çevrilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

26/10/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..