Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Müasir Oftalmologiyanın Son Nailiyyətləri və Problemləri” mövzusunda XII elmi-praktiki konfrans keçirilib

30 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Naxçıvan şəhərində Azərbaycan gənc oftalmoloqların “Müasir Oftalmologiyanın Son Nailiyyətləri və Problemləri” mövzusunda XII elmi-praktiki konfransı keçirilib.

 

2006-cı ildən başlayaraq ənənəvi olaraq hər ilin noyabr ayının axırıncı həftəsi keçirilən “Gənc Oftalmoloqların Konfransı” bu il Naxçıvan şəhərində təşkil olunub. Konfrans beynəlxalq əhəmiyyətli olub, öz sahəsinin peşakarı olan yerli və xarici oftalmoloqların iştirakı ilə keçirilib.

 

Konfransın məqsədi gənc oftalmoloqların bilik və bacarıqlarını nümayiş etdirmək, oftalmologiya sahəsində əldə olunan son nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdan ibarət olub.

 

Tədbirə “Keratokonusda üç mərhələli müalicə metodu”, “Keratoplastikadan sonra ekzimer-lazer cərrahiyyəsi, “Gözün dəlib-keçən yaralanmaların erkən fəsadların retrospektiv analizi”, “Uşaqlarda zəif görmənin reabilitasiyası, “Vision 2020” görmə hüququ proqramı formatında göz travmaları nəticəsində yaranan korluqla mübarizə strategiyası”, “Orbitanın patologiyasında şüa diaqnostika metodlarının əhəmiyyəti” kimi məsələlər müzakirə edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

30/11/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..