Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU “Web of Science Azerbaijan-2018” mükafatına layiq görülüb (FOTO)

Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “Clarivate Analytics” şirkəti tərəfindən təqdim olunan “Web of Science Azerbaijan-2018” mükafatlarının sahiblərinin adları açıqlanıb. Azərbaycan Tibb Universiteti də qaliblər sırasındadır.

 

Mükafatçıların siyahısı aparıcı elm axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Analiz “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən ekspertlər tərəfindən aparılıb.

 

Beləliklə, Azərbaycan Tibb Universiteti “Web of Science” bazasında elmi işlərin dərc olunması aktivliyinə görə “Ən proqressiv universiet” nominasiyası üzrə ikinci yerə layiq görülüb.

 

Mükafat Təhsil Nazirliyində keçirilən mərasimdə təqdim olunub. ATU rektoru, professor Gəray Gəraybəyliyə mükafatı Təhsil naziri Ceyhun Bayramov təqdim edib.

 

Bundan əlavə, ATU-nun mütəxəssisi Əlizamin Sadıqov “Web of Science” bazasında pulmonologiya üzrə ən çox elmi məqaləsi çap olunan müəllif kimi mükafata layiq görülüb.

 

Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, son illər ali təhsilin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması və alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində mühüm addımlar atılır.

 

Mərasimdə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

6/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..