Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakıda Konfrans keçirilib (FOTO, VİDEO)

19 dekabr 2018-ci il tarixində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Peşəkar tibbi birlik və assosiasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi” mövzusunda konfrans keçirilib. Tədbirin əsas məqsədi peşəkar tibbi birlik və assosiasiyaların səhiyyə sisteminin təkmilləşdirilməsində, səhiyyə siyasətinin formalaşmasında, həyata keçirilməsində və elmi tibbi yeniliklərin və nailiyyətlərin ölkədə tətbiqinin genişləndirilməsində rolunu gücləndirməsidir.

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov, səhiyyə nazirinin müavini Rahim Əliyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımovun açılış nitqi ilə çıxış etdikləri konfransda respublikanın baş tibb mütəxəssisləri, 60–dan çox peşəkar tibbi birlik və assosiasiyanın nümayəndələri iştirak ediblər.

 

Tədbirdə peşəkar tibbi birlik və assosiasiyaların son 5 illik fəaliyyəti, beynəlxalq əməkdaşlığı və gələcək planları, səhiyyə sahəsində qanunvericilik təşəbbüsləri, davamlı tibbi təhsilin tətbiqində rolu, ikin səhiyyə və stasionar xidmətdə tibbi təlimatların tətbiqi, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi mövzularında çıxışlar edilib.

 

Ölkədə qabaqcıl təcrübələrin yayılması məqsədi ilə peşəkar tibbi birlik və assosiasiyaların fəaliyyətinin gücləndirilməsinə dair təkliflər səsləndirilib, müzakirələr aparılıb və gələcək addımlar müəyyən edilib.

 

Sonda Azərbaycanda peşəkar tibbi birlik və assosiasiyaların federasiyasının yaradılması haqqında qərar qəbul olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

19/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..