Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Uşaqlıq dövrünün nevroloji xəstəlikləri mövzusunda konfrans keçirilib (FOTO, VİDEO)

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Nevroloqların Milli Assosiasiyası və Elmi Tədqiqat pediatriya institutunun təşkil etdiyi Uşaqlıq dövrünün nevroloji xəstəlikləri mövzusunda konfrans keçirilib.

 

Tədbirdə uşaqlarda irsi xəstəliklərin diaqnostika və müalicəsi, pediatrik dağınıq skleroz, epileptologiya, genetik diaqnostika və nevrologiyanın digər aktual məsələləri müzakirə olunub. Konfransı giriş sözü ilə institutun rektoru professor N.A.Qasımov açaraq Azərbaycanda nevrologiyanın inkişafında institutun nevrologiya və klinik neyrofiziologiya kafedrasının rolu haqqında danışıb.

 

Uşaqlıq dövrünün nevroloji xəstəlikləri konfransının sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Nevroloqların milli assosiasiyasının prezidenti, ə.e.x., professor R.K.Şirəliyeva bu konfransın keçirilməsinin artıq ənənə halını almasını bildirib.

 

Konfransın birinci hissəsində professor Şirəliyeva R.K. pediatrik dağınıq sklerozun diaqnostikasında çətinliklər və səhvlər barədə məruzə edib. Bunun ardınca Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru, Nevroloqların milli assosiasiyasiyasının vitse prezidenti Məmmədbəyli A.K., Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru, ə.e.x., t.ü.e.d. A.Əyyubova, ET Pediatriya İnstitutunun direktoru ə.e.x., professor, t.ü.e.d. N.Quliyev, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının professoru, t.ü.e.d. E.Rəsulov, Uşaq nevroloji xəstəxanasının, Repsublika Müalicəvi Diaqnostika Mərkəzinin aparıcı mütəxəssisləri öz çıxışlarını iştirakçıların diqqətinə çatdırıblar.

 

Konfransda həmçinin Qazaxıstan Respublikasından dəvət olunmuş mütəxəssislər – Qazaxıstan Milli Tibb Universitetinin sinir xəstəlikləri kafedrasının professoru Muxambetova Q.A., Ana və uşaqların qorunması müəssisəsinin nadir xəstəliklər mərkəzinin mütəxəssisləri Piçkur N.A. və Samonenko N.V. çıxış ediblər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

20/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..