Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

www.ebmg.az portalının açılışı olub (FOTO, VİDEO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

 

Mətbuat konfransını giriş sözü ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev açıb. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb və Elm Cəmiyyəti arasında Sübutlara Əsaslanan Tibbi Təlimatların (EBMG – Evidence-Based Medicine Guidelines) Azərbaycanda tərcüməsi, lokallaşdırılması və onlayn yayılması ilə bağlı müqavilə imzalandığını bildirib.

 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov bildirib ki, müasir dövrdə həkimlərin fəaliyyətini tibbi qərarların dəstəklənməsi sistemi olmadan təsəvvür etmək mümkün deyil: “Tibbi praktikada yeni klinik protokolların istifadəsi Azərbaycanda sübutlara əsaslanan tibbin tətbiqinin ən vacib yollarından biridir və tibbi sübutlara əsaslanan klinik protokollar əsasən təcrübə həkimləri üçün metodik tövsiyələrdir”.

 

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova sübutlara əsaslanan tibbi təlimatlar, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə yeni portal – ebmg.az barədə ətraflı məlumat veriblər.

 

Bildirilib ki, yeni portal vasitəsilə Azərbaycanın tibb işçiləri Avropa səhiyyəsindəki ən yaxşı standartları öz fəaliyyətlərində tətbiq etmək, vətəndaşlar isə öz növbəsində, hansı xəstəxanada və ya hansı həkim tərəfindən tibbi yardım alacağından asılı olmayaraq yüksək səviyyədə tibbi yardım almaq imkanı qazanıblar.

 

Tibbi protokollarla yanaşı, portalda sübutlara əsaslanan Cochrane Library, MedLine, PubMed beynəlxalq məlumat bazalarından 4000-dən çox elmi məqalə, 1400 tibbi şəkil və video kolleksiyası, kalkulyator və səs faylları, o cümlədən müxtəlif patologiyalar zamanı ürək və ağciyərdə eşidilən küylərin audioyazılmaları, dermatoloji və göz xəstəliklərinin 1400-dən çox şəkilləri və təsviri Azərbaycan istifadəçilərinə təqdim olunur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

24/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..