Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Cərrahiyyənin aktual problemlərinə” dair regional elmi-praktiki konfrans keçirilib (FOTO)

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyası (ACQA) və Bərdə Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhərində “Cərrahiyyənin aktual problemlərinə” həsr olunmuş regional elmi-praktiki konfrans keçirilib.

 

2 gün davam edən konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunaraq 8 kredit balla qiymətləndirilib. Tədbirdə Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Tərtər, Goranboy rayonlarından 100-ə yaxın həkim (cərrahlar, endoskopistlər, anestezioloq-reanimatoloqlar, endokrinoloqlar, kardioloqlar, qastroenteroloqlar) qeydiyyatdan keçərək iştirak edib.

 

Konfransın ilk günü prof. Ə.Ə.Məmmədov və prof. Q.F.Müslümov tərəfindən 3 xəstə üzərində mürəkkəb açıq və laparoskopik üsulla çətin xolesistektomiya, göbək və qasıq yırtıqlarının ləğvi, refundoplikasiya əməliyyatları icra edilərək birbaşa konfrans zalına translyasiya olunub və moderatorlar – t.ü.e.d. E.A.Rüstəmov və t.ü.e.d. F.C.Həsənov tərəfindən əməliyyatın gedişi geniş şərh olunaraq verilən suallar cavablandırılıb.

 

Elmi Cərrahiyyə Mərkəzinin direktoru, ACQA-nın sədri prof. R.M.Ağayev iclasa sədrlik edib. O iclası açıq elan edərək Azərbaycan Respublikasında sosial-iqtisadi sahədə olan inkişaf dinamikası və Azərbaycan səhiyyəsində olan islahatlar barədə auditoriyaya məlumat vermiş, konfransın işinə uğurlar arzulayıb.

 

Həmçinin abdominal, endokrin, damar, kardiocərrahiyyə və anesteziologiya-reanimatologiyanın aktual problelərinə həsr olunmuş mühazirələr dinlənilib.

 

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

25/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->