Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İctimai Səhiyyə və İslahatlar Mərkəzində təlim təşkil edilib (FOTO, VİDEO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə sistemində islahatların idarə edilməsi, Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olunub. 26 dekabr 2018-ci ildə başlayan təlimin 3 gün davam etməsi nəzərdə tutulub.

 

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, səhiyyə sistemində genişmiqyaslı islahatların aparılması ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir: “ Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur. Konsepsiyada səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi, səhiyyə islahatlarının planlı şəkildə davam etdirilməsi nəzərdə tutulub”.

 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov səhiyyə xidmətinin keyfiyyətinə tələbatın ildən-ilə yüksəldiyini vurğulayıb: “Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir. Tibb elminin, texnologiyaların sürətli inkişafı səhiyyə sahəsində islahatların aparılmasını, yeniliklərin tətbiqini zərurətə çevirir. Bu, fasiləsiz prosesdir və həmişə davam edəcək”.

 

İranlı mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimdə səhiyyə sistemində idarəetmənin təkmilləşdirlməsi, islahatların aparılması, tibb müəssisələrinin maliyyələşməsi, xəstəxana xərclərinin idarə edilməsi kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılması, beynəlxalq təcrübənin təhlili və qiymətləndirilməsi nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

26/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..