Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ölkə başçısı İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin tikilişinə əlavə vəsait ayırdı

Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də inkişaf və irəliləyiş nəzərə çarpacaq dərəcədə inkişaf etməkdədir.  Ölkənin siyasi qüdrətinin artması bir başa olaraq ölkə başçısının adı ilə bağlıdır. Buna misal olaraq son illər ərzində ölkə səhiyyəsində görülən işləri xatırlamaq olar.

 

Görülən işlərin davamı kimi ölkə başçısı cənab İlham Əliyev ötən il 06.08.2010-cu il tarixində “Bakı Sağlamlıq Mərkəzi”nin yaradılması haqqında sərəncam imzalamışdır ki, həmin sərəncama əsasən Bakı şəhərində müasir çoxprofilli klinika - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi” nin tikilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 5,0 (beş) milyon manat vəsait ayrılmışdır.

 

İyulun 4-də Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimi olmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

 

Dövlətimizin başçısı İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin eskiz layihəsinə və görünüşünü əks etdirən fotoşəkillərə baxmışdır. 

 

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə inşa ediləcək yeni səhiyyə ocağı barədə məlumat vermişdir. Bildirilmişdir ki dövlətimizin başçısının 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa edilən Bakı Sağlamlıq Mərkəzi 2 korpusdan ibarət olacaqdır. Tikintinin ümumi sahəsi 45 min kvadratmetrdir. Mərkəzin layihələndirilməsi və tikintisi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılmışdır. Bu müasir səhiyyə ocağında qəbul, gözləmə və qeydiyyat şöbəsi, mərkəzi sterilləşdirmə bloku, qan bankı və laboratoriyalar yerləşəcəkdir. Laboratoriyalarda klinik-hemotoloji, biokimyəvi-immunoloji və klinik-mikrobioloji analizlər aparılacaqdır. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da nəzərdə tutulur. Altımərtəbəli korpusda məsləhət kabinetləri, şüa diaqnostika, funksional diaqnostika, endokrinoloji, terapiya, reabilitasiya, tibbi bərpa və s. şöbələr yerləşəcəkdir. Cərrahiyyə əməliyyatları da bu korpusda aparılacaqdır. Cərrahiyyə şöbəsi 123, reanimasiya və intensiv terapiya şöbəsi isə 30 çarpayılıqdır.

 

Bakı Sağlamlıq Mərkəzindəki 12 mərtəbəli doğum korpusu da müasirliyi ilə seçiləcəkdir. Buradakı ginekoloji şöbə 50, fizioloji doğum şöbəsi isə 105 çarpayılıq olacaqdır. Köhnə Bakı şəhər Onkoloji Dispanserin 1,4 hektarlıq ərazisində inşa edilən Bakı Sağlamlıq Mərkəzində ən müasir avadanlıq və ən son elmi-texniki yeniliklər tətbiqini tapacaqdır. Bu mərkəz paytaxtın ən böyük tibb ocaqlarından biri olacaqdır.

 

2013-cü ilə kimi bitməsi nəzərdə tutulan binada hazırda işlər tam gücü ilə davam edir.

 

Daim əhalinin sağlamlığına dəqiq və qayğı ilə yanaşan ölkə başçısı İlham Əliyev ölkədə analoqu olmayan bu sağlamlıq mərkəzindəki işlərin daha da sürətləndirilməsi  məqsədi ilə Bakı Sağlamlıq Mərkəzinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Bakı Sağlamlıq Mərkəzinin tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə əlavə olaraq 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılıb.

 

Bütün bunlar bir daha ölkə başçısının səhiyyəyə və bilavasitə ölkə əhalisinin sağlamlığına verdiyi diqqət və qayğının sübutudur.

11/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013