Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-da Startapla bağlı seminar keçirilib (FOTO)

Azərbaycan Tibb Universitetində startap qrupunun tələbələri üçün “İnnovativ ideyaların biznesə çevrilməsi” mövzusunda 2 günlük seminar keçirilib. İki gün davam edən seminar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 10 yanvar tarixli 881 saylı “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” sərəncamdan irəli gələn öhdəliklərin həyata keçirilməsinə həsr olunub.

 

Seminarın əsas mövzusu startap və innovativ inkişafın ideyası və onun məqsədləri, həyata keçirilməsi, bu layihələrin gələcəkdə biznesə çevrilməsi ilə bağlı iştirakçılara ətraflı məlumatların verilməsindən ibarət idi. Seminarda ictimai səhiyyə üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Nabil Seyidov startap layihələrinin beynəlxalq təcrübədə uğurla həyata keçirilməsi haqqında ətraflı məlumat verib. O, səhiyyə sahəsində həyata keçirilən çoxsaylı startap layihələrindən misallar gətirərək tələbələrdə təsəvvür yaradıb. Nabil Seyidov təqdimatdan sonra tələbələrlə startap haqqında hərtərəfli diskussiya aparıb.

 

Tədbirdə, həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Layihələr ilə iş sektorunun aparıcı məsləhətçisi Anar Cəfərov, həmin nazirliyin Elektron təhlükəsizlik xidmətinin fərdi məlumatlarla işin tənzimlənməsi sektorunun müdiri Bəhram Cəfərli də çıxış ediblər.

 

Sonda “Mednoti” və “Sağlam Həyat Platforması” startaplarının icraçıları İlqar Tağıyev və Şahlar Paşayev öz fəaliyyətləri, əldə etdikləri təcrübələr, layihələrin faydaları, İnformasiya Texnologiyaları İnkişaf Dövlət Fondunun onlara göstərdiyi maddi və informasiya dəstəyi barədə təqdimat ediblər.

 

2018-ci ildə ATU-da 5 nəfər tələbədən ibarət Startap komitəsinin təşkil olunduğu, bu komitənin facebook səhifəsinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

15/02/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->