Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ağa Musa Nağıyevin vəfatının 100 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)

Martın 2-də Kliniki Tibbi Mərkəzdə tanınmış azərbaycanlı milyonçu, neft istehsalçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin anadan olmasının 170, vəfatının 100 illiyinə həsr olunan tədbir keçirilib.

 

Tədbirdə bildirilib ki, XX əsrin əvvəllərində adı Azərbaycanın məşhur neft milyonçuları sırasına düşən Ağa Musa Nağıyev həm də böyük xeyriyyəçilik əməlləri ilə tanınıb. O, Bakıda onlarla məişət obyektləri inşa etdirən, yüzlərlə yoxsul ailənin himayəçisinə çevrilən, şəxsi vəsaiti hesabına millətimizin istedadlı övladlarının təhsil almasına yardım edən şəxsiyyətlərdən olub.

 

Milyonçu öz vəsaiti hesabına Bakıda 98 bina inşa etdirib. Qara şəhərə Şollar suyunun çəkilməsi də böyük xeyriyyəçinin adı ilə bağlıdır.

 

Mərkəzin baş həkiminin müalicə işləri üzrə müavini Məhəbbət İbrahimova insanların öz əməlləri ilə əbədiləşdiyini, Ağa Musa Nağıyevin xalqı, vətəni üçün gördüyü işlərlə yaddaşlarda iz qoyduğunu bildirib. O, həyat amalı xeyriyyəçilik olan azərbaycanlı milyonçunun maddi vəsaiti ilə minlərlə xəstənin şəfa tapdığını diqqətə çatdırıb.

 

Milli Məclisin səhiyyə komitəsinin sədrinin müavini Musa Quliyev tanınmış neft hasilatçısının bir sıra tarixi binalar, xəstəxanalar, məktəblər tikdirdiyini qeyd edib. Onun tikdirdiyi binaların bəzilərində inzibati idarələr fəaliyyət göstərir: Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Ekspertiza və Ağır Cinayətlər üzrə Məhkəmə, “ÜNS” Yaradıcılıq Səhnəsi, “Zabitlər evi”, “LUKOYL” neft şirkətinin və s.

 

O, belə insanların xatirəsinin əbədiləşdirilməsinin və gördüyü işlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini, onun əməllərinin hər kəsə örnək olduğunu bildirib. Digər çıxış edənlər də Ağa Musa Nağıyevin xeyriyyəçilik fəaliyyətindən bəhs edib, onun çoxsaylı xeyriyyə işlərindən danışıb, xaricdə oxuyan tələbələrə təqaüd ayırdığını vurğulayıblar.

 

Sonra azərbaycanlı milyonçunun həyat və fəaliyyətindən bəhs edən təqdimat nümayiş etdirilib. Tanınmış xeyriyyəçinin nəvəsi Dilarə Nağıyeva, Ağa Musa Nağıyevin 70 illik şərəfli ömür yolundan danışıb, tədbirin təşkilinə görə hər kəsə minnətdarlığını bildirib. O, artıq xeyli vaxtdır ki, babasının həyat və fəaliyyətini, mesenatlıq fəaliyyətini araşdırdığını söyləyib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

4/03/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->