Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Həyatınızı külə yox, gülə çevirin!” adlı maarifləndirici təşviqat aksiyası keçirildi (FOTO, VİDEO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirərək, əhalini zərərli vərdişlərdən uzaq olmağa çağırır.

 

Tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə 5 mart 2019-cu ildə Fəvvarələr meydanında “Həyatınızı külə yox, gülə çevirin!” adlı təşviqat aksiyası keçirildi. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı, Azərbaycan Tibb Universiteti (ATU) və Bakı Tekstil Fabrikinin dəstəyi, kütləvi informasiya vasitələri nümayəndələrinin fəal iştirakı ilə keçirilən aksiyanın məqsədi əhalini tütünçəkmənin təhlükəli təsiri barədə maarifləndirməkdir. Novruz bayramı və 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən aksiya zamanı səhiyyə işçiləri, ATU tələbələri sakinlərə, xüsusilə gənc cütlüklərə əlində gül ilə yaxınlaşaraq tütünçəkmənin zərərlərini izah etdilər, “Həyatınızı külə yox, gülə çevirin!” tövsiyəsi ilə onlara çiçək bağışladılar.

 

Gənclərlə söhbət zamanı bir daha vurğulandı ki, tütünçəkmə sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, xarici görünüşü də dəyişir, dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də erkən yaşda qırışların əmələ gəlməsi ilə nəticələnir.

 

Əhalinin sıx olduğu məkanda keçirilən aksiyada sakinlərin diqqətinə çatdırıldı ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır, bu hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir. Odur ki, səhiyyə könüllüləri sakinləri “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırdılar.

 

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici çap materialları aksiya zamanı əhaliyə paylanıldı və yekunda tələbələrin – gələcək həkimlərin ifasında “Sağlam gələcək naminə tütünçəkmədən uzaq olun!” tövsiyəsi ilə fləşmob keçirildi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

 

 

 

 

 

 

6/03/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..