Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Travmatoloq və ortopedlərin 2-ci Avrasiya konqresi keçirilmişdir

6-9 iyul 2011-ci ildə Qırğızıstanda travmatoloq və ortopedlərin 2-ci Avrasiya konqresi, Qırğızıstan travmatoloq-ortopedlərin 2-ci qurultayı keçirilmişdir. 12 ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru ə.e.x., prof. Vaqif Verdiyev konqresin prezidentinin müavini qismində iştirak etmişdir.

 

Tədbir zamanı iştirakçı ölkə nümayəndələri travmatologiya və ortopediya sahələrinin ən aktual məsələlərinə aid 70-dən artıq məruzə ilə çıxış etmişlər. Ölkəmizi təmsil edən prof. V.Verdiyev  ortopediyanın ən mürəkkəb sahələrinə (döşün anadangəlmə qıfvari devormasiyasının cərrahi müalicəsi, sümük kistalarının təklif edilmiş distraksion osteogenez üsulu ilə müalicə və onurğanın ağır deformasiyalarının cərrahi müalicəsi) həsr edilmiş 3 maraqlı məruzə ilə çıxış etmişdir. Konqresin prezidenti Qırğızıstanın səhiyyə naziri prof. S.Djumabekov və digər iştirakçılar Azərbaycanda ortopediya və travmatologiya sahəsində toplantıların aparılmasında maraqlı olduqlarını bildiriblər.

Növbəti konqresin İtaliyada təşkil olunması nəzərdə tutulur.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

12/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013