Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev ÜST-tı Avropa Regional Komitəsinin 60-cı sessiyasında iştirak edib

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 12-16 sentyabr 2010-cu il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 60-cı sessiyasında iştirak edib.

 

53 ölkəni özündə birləşdirən Avropa qitəsinin və MDB məkanının dövlətlərinin qatıldığı sessiyada bu ölkələrin Səhiyyə Nazirlərindən başqa bir sıra nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak ediblər.

 

Azərbaycan Respublikası 2012-ci ilə qədər ÜST Avropa Regional Komitəsinin idarəedici orqanı olan Daimi Komitənin üzvü olduğu üçün 60-cı sessiya ərəfəsində 12 sentyabr 2010-cu il tarixdə Daimi Komitənin növbəti 17-ci çağırışının 6-cı sessiyasında iştirak edib. İclasda Daimi Komitənin proqram və gündəliyinin təsdiqi, Daimi Komitənin 5-ci sessiyasının hesabatının qəbul edilməsi, ÜST Avropa Regional Komitəsinin 60-cı sessiyasının proqramının müzakirəsi, ÜST-nın qurum və komitələrinə üzvülük, namizədlərin verilməsi, 2010-2011-ci illər üçün Daimi Komitənin 18-ci çağırışına dair planın layihəsi, habelə Daimi Komitənin sədr müavinin seçilməsi kimi məsələlər müzakirə olunub.

 

13 sentyabr 2010-cu il tarixdə ÜST Avropa Regional Komitəsinin 60-cı sessiyası öz işinə başlayıb.

 

Sessiyanın proqramına İcraçı nümayəndələrin və məsul vəzifələrin seçilməsi;Regional direktorun məruzəsi;(Regional Büronun işi haqqında hesabat, Avropa Regionunda sağlamlıq və səhiyyə sistemlərinin təkmilləşdirilməsi), Rusiya Federasiyasının Baş Naziri cənab Vladimir Putinin çıxışı, İcraiyyə Komitəsinin və Assambleyanın qərar və qətnamələrindən irəli gələn məsələlər, Avropa məkanında səhiyyə sahəsində tərəfdaşlıq məsələləri, Ümumdünya Səhiyyə Təşkilatı Baş Direktorunun çıxışı, Avropada ictimai səhiyyənin inkişafı istiqamətləri, Səhiyyə və xarici siyasət məsələləri, H1N1 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində görülmüş işlərə dair Nazirlər brifinqi, Avropa məkanında ətraf mühit və səhiyyə məsələləri, Pakistanda təbii fəlakət və onun aradan qaldırılmasına dair ÜST Şərqi Aralıq Dənizi Regionunun direktoru Dr. Hüseyn Cəzairinin çıxışı, Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşməsi perspektivləri, 2012-2013-cü illər üçün büdcə proqramının layihəsi, ÜST Regional Komitənin bağlı iclası, İcraiyyə Komitəsinə namizədlərin verilməsi, Avropa Regionunda poliomielitin ləğv edilməsi, ÜST Avropa Regional Komitəsinin gələcək sessiyasının tarixi və yerinin təsdiq edilməsi- Azərbaycan Respublikasının təqdimatı, 2015-ci ilə qədər Avropa Regionunda qızılca və məxmərəyin eliminasiyası- anadangəlmə qızılca sindromunun profilaktikası kimi məsələlər daxil edilmişdi.

 

Sessiyada Avropa məkanında səhiyyə sahəsində tərəfdaşlıq məsələlərinə dair ÜST rəhbərliyi Vaksinasiya və İmmunlaşma Alyansının təqdimatına istinad edərək ən uğurlu layihələrin Azərbaycanda həyata keçdiyini bildirildi. Məsələyə dair Azərbaycanın məruzəsi dinlənildi.

 

Avropa məkanında ətraf mühit və səhiyyə məsələlərinə dair Daimi Komitə adından məruzənin edilməsi Azərbaycana həvalə edilmişdi. Məsələyə dair Nazirlər Paneli keçirildi.

Beynəlxalq aləmdə Dövlətimizin nüfuzunun artdığını və son illər ölkədə səhiyyə və sosial sahədə aparılan geniş miqyaslı islahatların həyata keçirilməsində Azərbaycan Respublikası Rəhbərliyinin siyasi və maliyyə dəstəyini nəzərə alaraq 2009-cu ilin sentyabrında Kopenhagendə Təşkilatın 59-cu sessiyasında ÜST Avropa Regional Bürosunun rəhbərliyi Regional Komitənin 61-ci sessiyasının 2011-ci il 12-15 Sentyabr tarixlərdə Bakıda keçirilməsi və ölkəmizin bu tədbirə ev sahibliyi etməsi haqqında Azərbaycana müraciət olunmuş və Azərbaycan tərəfindən təsdiqlənmişdir.

Səhiyyə Naziri Oqtay Şirəliyevin sessiyadakı dəvət nitqi ilə çıxışından sonra Azərbaycana aid qısa video film nümayiş etdirilib.

 

Nazir O. Şirəliyev sessiya ərəfəsində bir sıra rəsmi görüşlər də keçirmişdi.Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Naziri xanım Tatyana Qolikova və Nazirliyin məsul nümayəndələri ilə keçirilən görüşdə səhiyyə və tibb elmi sahəsində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və gələcək perspektivləri müzakirə edilmişdir.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri ÜST Baş Direktoru Dr. Marqaret Çanın dəvəti ilə Nazirlər iclasında da iştirak etmişdi.

İclasda H1N1 pandemiyasına qarşı mübarizə tədbirləri, habelə Baş direktorun sessiyada məruzəsi ətrafında müzakirələr aparılmışdı.Oqtay Şirəliyev həmçinin ÜST Avropa Regionu üzrə direktoru Dr. Jujanna Yakab ilə görüşmüşdü.

 

Belarus Respublikasının Səhiyyə Naziri cənab Vasili Jarko ilə görüşdə nazirliklərimiz arasında imzalanmış sazişə dair görülmüş işlər və yeni təkliflər irəli sürüldü. Belə ki, Azərbaycanda Müharibə Veteranları Xəstəxanasında Belarus vətəndaşlarının və mübadilə əsasında Azərbaycanlı xəstələrin Belarus Respublikasında müalicəsi imkanları müzakirə edildi.

Azərbaycanın nümayəndə heyəti Rusiya Federasiyasının Akademik B. Petrovski adına Elmi Cərrahiyyə Mərkəzində Akademik Valeriy Sandrikovla da görüş keçirdi.

Görüşdə Azərbaycan və Rusiya tibb təhsil ocaqları arasında birbaşa əlaqələrin daha da inkişaf etdirilməsi, habelə Mərkəzin professor müəllim heyətinin Azərbaycana mütəmadi elmi praktiki səfərlərinin təşkili məsələləri müzakirə edildi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

23/11/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013