Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Davamlı Tibbi Təhsil” proqramı çərçivəsində elmi-praktiki konfrans keçirilib (FOTO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil” proqramı çərçivəsində keçirilən elmi-praktiki konfransların əhəmiyyətini nəzərə alaraq akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi regionlarda vaxtaşırı bu səpgidə tədbirlər keçirir.

 

Belə ki, “Azərbaycan Cərrahlar və Qastroenteroloqlar” İctimai Birliyi, akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Quba Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə 15 mart 2019-cu ildə Quba şəhərində “Cərrahiyyənin aktual problemləri”nə həsr olunmuş regional elmi-praktiki konfrans keçirilib.

 

Tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının, həmçinin Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrahlar, qastroenteroloqlar, anestezioloq və reanimatoloqlar, kardioloqlar, endokrinoloqlar və terapevtlər kimi həkim-mütəxəssisləri iştirak ediblər.

 

Konfransı giriş sözü ilə açan akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev ölkə Prezidentinin xalqımızın sağlam həyat tərzi və rifah halının yüksəldilməsi prinsiplərini daima diqqət mərkəzində saxladığını xüsusi vurğulayaraq, bu siyasətin tibb işçiləri tərəfindən hər zaman dəstəkləndiyini bildirib.

 

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssisləri − prof. Ə.Ə.Məmmədov, prof. F.X Saidova, prof. N.S.Abışov, t.ü.e.d. E.A.Rüstəmov, t.ü.e.d. F.C.Həsənov, t.ü.e.d. Z.T.Şirinov və t.ü.f.d. İ.C.Heybətov tərəfindən həzm traktının, endokrinologiyanın, ürək-damar sistemi və anesteziologiya-reanimatologiyanın aktual problemlərini özündə əhatə edən maraqlı məruzələr konfrans iştirakçılarına çatdırılıb.

 

Müzakirələr diskussiya şəklində geniş auditoriyanın iştirakı ilə başa çatdıqdan sonra, iştirakçılara sertifikatlar təqdim edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

18/03/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->