Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında infotur keçirilib (FOTO, VİDEO)

Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına tikilən və 2017-ci ildə istifadəyə verilən Sabirabad Rayon Mərkəzi Xəstəxanasına infotur keçirilib.

 

Müasir tipli, ən yeni texnoloji standartlara cavab verən səhiyyə müəssisəsində əhaliyə göstərilən tibbi xidmət daha da yaxşılaşdırılıb, xəstəxanaya müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə iki dəfədən çox artıb. Üç korpusdan ibarət 205 çarpayılıq xəstəxana ən müasir rəqəmsal kompüter tomoqrafiya və flüoqrafiya cihazları, exo kardioqrafiya və digər rəqəmsal tibbi avadanlıqlarla təchiz olunub.

 

Xəstəxanada dializ şöbəsi, reanimasiya palatası, cərrahiyyə blokları, müasir laboratoriya və digər müasir müayinə otaqları fəaliyyət göstərir. Həmçinin burada terapiya, nevrologiya, infeksion, pediatriya, oftalmologiya və 3-cü korpusda perinatal mərkəz də mövcuddur.

 

Perinatal mərkəzdə ötən il 2 min doğuş olub. 800-dən çox qeysəriyyə əməliyyatı aparılıb. Üç mindən çox ümumi cərrahiyyə əməliyyatı həyata keçirilib.

 

İlin əvvəlindən bəri xəstəxanada 50 mindən çox rayon sakini pulsuz tibbi müayinə edilib. Ötən il isə tibb ocağında 112 min vətəndaş müayinəyə cəlb olunmuşdu. Bu dövrdə 2884 sakində ilkin xəstəlik aşkar edilərək müalicəyə cəlb olunub, 416 xəstəyə stasionar müalicə yazılıb, 224 nəfər isə təkrar müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşmış klinikalara göndərilib.

 

Bildirilib ki, yeni xəstəxanada ilk dəfə olaraq Azərbaycan Kardioloqlar Cəmiyyətinin geniş konfransı keçirilib. Həmçinin respublikanın baş mütəxəssislərinin iştirakı ilə mama-ginekoloqların və neonotoloqlarının iştirakı ilə regional seminarlar təşkil olunub.

 

Hazırda xəstəxanada 74 həkim və 150 tibb bacısı çalışır. Xəstəxanaya Bakı şəhərindən yüksəkixtisaslı 5 həkim dəvət edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

 

 

1/04/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..