Doğuşayardım xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görülür
Doğuşayardım xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə klinik protokolların tətbiqinə nəzarətlə bağlı tədbirlər davam etdirilir.
Belə ki, “Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokolun tətbiqinin vəziyyəti” üzrə ətraf bölgələrin mama-ginekoloq və anestezioloq-reanimatoloqlarının iştirakı ilə regional perinatal mərkəzlərdə müşavirələr keçirilir.
Belə tədbirlərdən biri 8 iyul 2011-ci il tarixdə Respublika Perinatal Mərkəzində təşkil olunmuşdur. Tədbirdə mərkəzin və Bakı şəhəri 2 saylı şəhər Klinik Xəstəxanasının mama-ginekoloqları və anestezioloq-reanimatoloqları iştirak etmişdir.
Analoji tədbirlərin Bakı Baş Səhiyyə İdarəsinin doğum evlərində davam etdirilməsi planlaşdırılır.
3 - 7 iyul 2011-ci il tarixlərdə isə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda “İİV-in anadan uşağa ötürülməsinin profilaktikası üzrə klinik protokol”la bağlı Respublika və regional perinatal mərkəzlərin işçiləri üçün təlimlər keçirilmişdir. Təlimlərdə ilk 2 gün ərzində mərkəz direktorları və müvafiq rayon mərkəzi xəstəxanalarının baş həkimləri, sonrakı 3 gün ərzində isə mərkəzlərin mama-ginekoloq və neonatoloqları iştirak etmişlər.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
13/07/2011