Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması qaydaları nəzarətdə saxlanılır

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin 6 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 234 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 113 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 52 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 3027, mikrobioloji göstəricilərinə görə 1666, toksikoloji göstəricilərinə görə 398, radioloji göstəricilərinə görə 61 yeyinti məhsullarının nümunələri laborator müayinələrə cəlb olunmuşdur. Nümunələrin 31-də orqanoleptik və fiziki-kimyəvi, 31-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 5553 yaxma nümunəsi, 48 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 83-də mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

6 ay ərzində əhali arasında 358 qida zəhərlənməsi hadisəsi baş vermiş, 433 nəfər zərərçəkən olmuşdur. O cümlədən 18 botulizm hadisəsi baş vermiş, 36 nəfər zərərçəkən olmuşdur.

 

Məlumat üçün qeyd edək ki,  106 qida zəhərlənməsi hadisəsi  və 115 nəfər zərərçəkmə halları habelə 1 botulizm hadisəsi və 1 nəfər zərərçəkməsı iyun ayının payına düşüb.

 

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

14/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013