Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfrans keçirilib (FOTO,VİDEO)

Dərin vena trombları və bunların kəskin və xroniki fəsadları ən ciddi olaraq ağciyər emboliyası kimi ölümcül-ağır nəticələrlə sonlana bilər. Uşaqlıq qanaxmaları ilə yanaşı, pulmonar tromboemboliya ana ölümlərinin əsas səbəblərindən biri kimi də xarakterizə olunur. Müasir dövrdə ağciyər emboliyasının qarşısını almağın çoxlu operativ üsulları var.

 

Bu barədə 2019-cu il aprelin 26-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) keçirilən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunmuş “Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfransda məlumat verilib.

 

Konfransda Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah, Prof. Ahmet Memiş “Vena xəstəliklərinə giriş və venoz endovaskulyar müalicə”, ürək-damar cərrahı Anar Əmrah “Dərin vena trombozu və Pulmonar tromboemboliyada müasir yanaşma”, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan “Hemodializ xəstələrində arteriovenoz fistul və problemlərinin cərrahi həlli”, invaziv radioloq Ağakişi Yəhyayev “Periferik venoz tromboz, endovaskulyar müalicə və v. cava filtrləri” mövzularında çıxış ediblər.

 

Təqdimatlarda insan bədənindəki bütün üzv və orqanlardan ürəyə qanın geri dönüşünü təmin edən mərkəzi və dərin venaların xəstəlikləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, son illərdə xroniki böyrək çatışmazlığı xəstələrində hemodializ üçün, onkoloji müalicələrdə uzunmüddətli kimyaterapiya müalicələri və ya reanimasiya-böyük əməliyyatlarda istifadə edilən santral venoz kateterizasiyaya bağlı xroniki vena daralma və tutulmaları həyat keyfiyyətini pozan patologiyalardır.

 

Xroniki böyrək çatışmazlığında transplantasiya imkanı olmayan xəstələrdə xroniki hemodializ arteriovenoz fistulaları və kateterləri “lifeline”, yəni həyata bağlayan yol olaraq qəbul edilir və bu həyat yollarının mühafizəsi həyatda qalma müddətini artırmaqdadır.

 

Ağciyər törəmələrinin yuxarı boş venaya, qarın törəmələrinin aşağı boş venaya yapışmaları və bu venalardakı tutulmalar gerçək onkoloji təcili hadisələrdir.

 

Yuxarıda sadalanan çox sayda ağır vəziyyətlərdə günümüzdə olan tibb texnologiyasındakı yeni inkişaf həyat qurtarıcı və həyat keyfiyyətini artıran rola malikdir.

 

Açıq cərrahi və ya endovaskulyar trombektomiya, balon dilatasiya-stent implantasiyası vena cava filtrləri, vascular snare (kement) kimi yeni əməliyyatların hazırda Respublika Müalicəvi Diaqnostika Mərkəzində də multidissiplinar vaskulyar-kardiovaskulyar-uroloji cərrahiyyə komandası tərəfindən uğurla icra olunduğu ilə bağlı məlumat verilən çıxışların sonunda maraqlı suallar ətrafında müzakirələr aparılıb.

 

Sonda iştrakçılara sertifikatlar təqdim olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

 

29/04/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->