Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür

Beynəlxalq Dağınıq Skleroz Günü bu problemlə məşğul olan Beynəlxalq Federasiya tərəfindən təsis edilib. Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beyni zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Xəstəlik sinir liflərinin üzərini örtən ağ maddəsi mielinin yox olması - xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir. Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı təxminən 2.3 milyona bərabərdir.

 

Ölkəmizdə də dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində bu xəstələrin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, diaqnostik laboratoriyaların müasir avadanlıq və reaktivlərlə təchiz edilməsi, xəstələrin spesifik dərman preparatları ilə təmin olunması, bu sahə üçün kadrların hazırlanması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətində mühüm addımlar atılıb. Nəticədə xəstəliyin aşkarlanması işi yaxşılaşıb, fəsadlaşma hallarının sayı azalıb.

 

Ötən il fevralın 28-də ölkə Prezidentinin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı bu sahədə görülən işlərin həcminin və səmərəliliyinin daha da artırılmasını nəzərdə tutur.

 

Ümumiyyətlə, dünyada 1835-ci ilə qədər bu xəstəlik haqqında heç bir məlumat olmayıb. Onun əlamətlərini ilk dəfə fransız həkimi J.Kryuvele təsvir edib. İki il sonra Böyük Britaniyada R.Karsvell də onun haqqında müşahidələrini ifadə edib. XIX əsrin ortalarına doğru xəstəlik barəsində artıq xeyli məlumat var idi. 1868-ci ildə fransız nevroloq J.Şarko dağınıq sklerozun patomorfoloji əlamətlərini toplayaraq xəstəliyin diaqnostik meyarlarını hazırlayıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

30/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->