Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb Universitetində Milli Qurtuluş Günü qeyd olunub (FOTO)

İyunun 15-i müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Xalqımız hər il 15 iyun tarixini əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir.

 

Bu gün Azərbaycan Tibb Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

 

Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev iştirakçıları bayram münasibətilə təbrik edərək deyib ki, 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür: “Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycanın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub. Ötən illərdə Ümummilli Liderin xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilib. Bu illərdə ulu öndər Heydər Əliyevin gərgin zəhməti və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. 15 iyun - Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı gün bizim qurtuluş günümüzdür. Bizlərin borcudur ki, bu hadisələri, Ulu Öndərin Azərbaycan xalqı üçün etdiklərini gənclərimizə çatdıraq”.

 

S.Əliyev azərbaycançılıq ideologiyasını daim önə çəkən Ümummilli Liderin dilimizin dövlət dili statusu qazanması, milli mənəvi dəyərlərimizin qorunması, müstəqilliyimizin yenidən bərpası və möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb. Professor ATU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi və universitet klinikalarının yaradılmasında da Ulu Öndərin xüsusi diqqət və qayğısı sayəsində mümkün olduğunu vurğulayıb.

 

Tədbirdə çıxış edən ATU-nun I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Nərgiz Həbizadə və başqaları 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın və ziyalıların təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıblar. Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığını, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldüyü vurğulanıb.

 

Qeyd edilib ki, Ulu Öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

14/06/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->