Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Pediatrik xəstələrdə və yenidoğulmuşlarda mexaniki ventilyasiyanın tətbiqinə dair təlim kursu keçirilib (FOTO)

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında həkimlər üçün pediatrik xəstələrdə və yenidoğulmuşlarda ağciyərlərin mexaniki ventilyasiyanın tətbiqinə dair təlim keçirilib.

 

Ankara Universitetinin professoru Ömer Erdeve azərbaycanlı həmkarları ilə davamlı olaraq əməkdaşlıq etdiklərini bildirib. O, bir ay əvvəl başladıqları təlimə yenidən tələbat yarandığını və ona görə də kursu davam etdirmək qərarına gəldiklərini söyləyib.

 

Sonra təlim kursuna başlanılıb və türkiyəli mütəxəssislər - dosent Emel Okulu “Tənəffüz fiziologiyası”, “Qeyri-invaziv ventilyasiya”, professor Tanıl Kendirli isə “Uşaqlarda kəskin tənəffüz çatışmazlığı və müalicə” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər. İnteraktivliyi ilə seçilən təlim kursunda iştirakçıların sualları da ətraflı cavablandırılıb.

 

Həkim-nevroloq, davamlı tibbi təhsil üzrə layihə rəhbəri Mərziyyə Məmmədova bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası, Elmi Tədqiqat Pediatriya İnstitutu, Ankara Universiteti və "Uptodate İn Medicine" şirkəti ilə birgə təşkil edilən təlim Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirak edən həkimin hər birinə 16 kredit balı veriləcək.

 

Qeyd edək ki, mühazirələr, interaktiv müzakirələr, kiçik qruplarda aparılan praktik vərdişlərin aşılanmasına yönəlmiş bu təlim kursu həkimlərə pediatrik xəstələrin və yenidoğulanların ağciyərlərinin mexaniki ventilyasiyası sahəsində ən son nailiyyətlərlə tanış olmaq, qabaqcıl üsullar və klinik təcrübədən bəhrələnmək, praktik bacarıqları mənimsəmək üçün geniş imkanlar verir.

 

Təlim fərqli mövzulara aid mühazirələrlə və praktik məşğələlərlə öz işini davam etdirəcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

29/07/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->