Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Tütünlə mübarizə tədbirlərinin monitorinqi” mövzusunda təlim keçirildi (FOTO)

25 sentyabr 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütünlə mübarizə tədbirlərinin monitorinqi” mövzusunda təlim keçirildi. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri, ictimai səhiyyə mütəxəssisləri təlimdə iştirak etdilər.

 

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə giriş sözü ilə çıxış edərək bildirdi ki, ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanununun tətbiq olunması əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır: “Cənab Prezident tərəfindən imzalanan bu qanunun məqsədi tütün məmulatlarından istifadə etməyən insanların, habelə tütün məmulatlarından istifadə edən insanların da sağlamlıqlarının mühafizəsidir, çünki qapalı məkanlarda tütünçəkmənin fəsadları daha ağır, daha təhlükəlidir. İctimai yerlərdə, idarə və müəssisələrdə, qapalı ərazilərdə tütündən istifadəyə qoyulan qadağanın mahiyyəti budur”.

 

İSİM-in İctimai səhiyyə şöbəsinin müdiri Tofiq Musayev geniş təqdimatla çıxış edərək vurğuladı ki, tütündən istifadə dünyada səkkiz əsas ölüm səbəbindən altısına dair əsas risk faktorudur: “Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistik məlumata görə, hər il 8 milyon insan tütünçəkmə səbəbindən vaxtından əvvəl dünyasını dəyişir, onların 1 milyonu passiv tütünçəkənlərdir, yəni özləri istifadə etməsə də, tütün tüstüsünün zərərli təsirinə məruz qalan şəxslərdir”.

 

Azərbaycan Respublikası Milli Məclis Aparatının sosial qanunvericlik şöbəsinin bölmə müdiri Adil Vəliyev tütünlə mübarizə sahəsində məqsədyönlü nəzarət tədbirlərinin əhəmiyyətini vurğulayaraq, hər kəsi bu istiqamətdə görülən işlərə töhfə verməyə çağırdı.

 

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva tütünçəkmə ilə mübarizədə təbliğat və təşviqatın, maarifləndirici tədbirlərin, çap materiallarının böyük rol oynadığını bildirdi: “İnsanların bu zərərli vərdişdən imtina etməsinə, ölkəmizdə tütündən istifadənin ildən-ilə azalmasına nail olmaq üçün müasir vasitələrdən də istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən hazırlanan “Tütündən imtina et” mobil əlavəsi bu zərərli vərdişdən xilas olmaq istəyənlər üçün faydalı vasitədir”. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə “Tütünlə mübarizə tədbirlərinin monitorinqi – əsas prinsiplər və tövsiyələr” mövzusunda geniş təqdimatla çıxış edərək, tütünçəkmənin qadağan olunduğu yerlərdə aparılan müşahidə tədqiqatının nəticələri barədə ətraflı məlumat verdi.

 

Təlimin sonunda iştrakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi.

 

Yekunda təlimin fəal iştirakçılarına sertifikatlar təqdim olundu.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

26/09/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->