Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-nun kafedrası 100 yaşını qeyd edir (FOTO, VİDEO)

Bu gün Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilən tədbirdə rektor, professor Gəray Gəraybəyli bu əlamətdar tarix münasibətilə kafedra nümayəndələrini ürəkdən təbrik etdi: “Biz bu tarixi bayram kimi qəbul edə bilərik. Çünki ATU-nun I cərrahi xəstəliklər kafedrası bir əsrlik tarixini qeyd edir. 1919-cu il oktyabrın 10-da Azərbaycan Demokratik Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarı ilə Bakıda ilk Universitet yaradıldı. Ölkədəki ilk ali məktəbin tərkibində cəmi 2 fakültə mövcud idi. Onlardan da biri tibb fakültəsi idi”.

 

Kafedranın tarixi barədə məlumatları açıqlayan rektor G.Gəraybəyli qeyd etdi ki, cərrahlıq kafedrası məhz tibb fakültəsinin tərkibində yaradılıb. Kafedrada sonradan Azərbaycanın adlı-sanlı mütəxəssislərinə çevrilən kadrlar hazırlanıb: “İndi kafedramızın məzunları həm ökənin, həm də dünyanın möhtəşəm klinikalarında, universitetlərində, elmi tədqiqat institutları və laboratoriyalarında öz işlərini uğurla davam etdirilər”.

 

Rektor, professor Gəray Gəraybəyli qeyd edib ki, cərrahlıq kafedrasının formalaşması görkəmli cərrah Boris Finkilşteynin adı ilə bağlıdır. 1931-ci ildən etibarən kafedranın müdiri vəzifəsində əsasən azərbaycanlı kadrlar - prof. Mirəsədulla Mirqasımov, onun istedadlı tələbəsi prof. Böyükbəy Mahmudbəyov, Sankt-Peterburq hərbi cərrahlıq məktəbinin yetirməsi prof. İsmayıl Məmmədov və prof. Həsən Sultanov şərəflə işləyiblər.

 

Rektor ATU-nun I Cərrahi xəstəliklər kafedrasının inkişaf etdiyini, bu kafedrada endoskopik, metobolik, bariatrik cərrahiyyə, kolopraktoloji, kardiovaskulyar cərrahiyyə, orqan və kök hüceyrə transplantologiya əməliyyatlarının aparıldığını bildirdi.

 

Rektorun açılış nitqindən sonra Aazərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

 

Bir əsrlik yubileyi qeyd olunan Azərbaycan Tibb Universitetinin l cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov çıxışında kafedranın tarixi ilə yanaşı, bu günədək əldə olunan nailiyyətlər haqqında geniş məlumat verdi: “Kafedrada 61 fəlsəfə doktoru, 19 elmlər doktoru çalışıb. Kafedra əməkdaşlarının müəllifi olduğu 73 dərslik, 101 kitab, 700-dən çox məqalə işıq üzü görüb. Hazırda kafedrada 10 elmlər, 7 fəlsəfə doktoru çalışır. Kafedranın “Cərrahi xəstəliklər” adlı online dərs vəsaiti, dərsliyi var”.

 

Çıxışlardan sonra 100 yaşlı kafedranın keçdiyi inkişaf yoluna həsr edilmiş sənədli film nümayiş olunub.

 

Toplantıda filmin kinorejjisoru Oqtay Mirqasımov, ATU-nun III cərrahi xəstəliklər kafedrasının professoru Məmməd Nəsirov, Urologiya kafedrasının müdiri professor Südeyif İmamverdiyev çıxış edərək, yubiley münasibətilə təbriklərini səsləndiriblər, elmi-tibbi müəssisənin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

 

 

 

1/10/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->