Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Kardiologiya institutunda elmi-praktik seminar keçirilib (FOTO, VİDEO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akad.C.M Abdullayev adına Elmi Tədqiqat Kardiologiya institutunda “Peripartum kardiomiopatiya”- hamilə qadınlarda və doğuşdan sonrakı erkən mərhələlərdə ürək çatışmazlığına dair elmi-praktik seminar keçirilib.

 

“Peripartum kardiomiopatiya”- hamiləliyin son 4 həftəsi və hamiləlikdən sonrakı 5-ci aylar arasında inkişaf edən, ana ölümü ilə nəticələnə bilən ürək problemidir. PPKM hamiləlik zamanı çox tez-tez rast gəlinən patologiyalardandır. Ürək xəstələrində olan bir sıra şikayətlər: başgicəllənmə, təngnəfəslik, hava çatışmazlığı hissi, uzandıqda boğulma, öskürək, topuqlarda ödem, tez yorulma hamilələrdə adi halda görülən simptomlar olduğu üçün onlara diqqət yetirilmir və əksər hallarda mövcud ürək problemləri erkən mərhələdə aşkarlanmır, diaqnoz qoyularkən isə artıq xəstəliyin son mərhələləri inkişaf etmiş olur. Hamilə qadınlarda kardioloqlar 1-ci sırada olmadığına görə onlar üçün ən təhlükəli xəstəlik hesab olunan Peripartum kardiomiopatiya diaqnozu 80% halda doğuşdan sonrakı 1-ci ay müddətində, hətta 4-5-ci aylarda qoyulur.

 

Seminarın keçirilməsində məqsəd bu halların profilaktikası və xəstəliyin erkən diaqnostikası üçün yuxarıda göstərilən şikayətlər olduqda (Peripartum kardiomiopatiya nöqteyi nəzərindən şübhəli görünən) hamiləliyin son aylarında və hamiləlikdən sonra kardioloqun baxışı və Exokardioqrafik müayinənin aparılmasının zəruri olduğunu hər kəsin nəzərinə çatdırmaqdır.

 

Tədbirə qatılan hər kəsə “Kardioloq və ginekoloqların bir araya gəldiyi məqam -Peripartum kardiomiopatiy” mövzusunda hamilə qadınlar və yaxınlarını maarifləndirici kitabçalar paylanılıb. Bu mövzuda Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

 

 

 

28/10/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->