Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU nümayəndəsi Antalya şəhərində keçirilən konqres və simpoziumda çıxış edib (FOTO)

Ötən həftə Türkiyənin Antalya şəhərində 6-cı Milli, 5-ci Beynəlxalq Aralıq Dənizi Ətrafı Dövlətlərin Metabolik Xəstəliklər Konqresi, eyni zamanda 1-ci Milli Metabolik və Bariatrik Cərrahi Dietoligiya konqresi və 31-ci Beynəlxalq Bariatrik Klub Simpoziumu keçirilib.

 

Bildirilib ki, 20 dövlətdən mindən çox mütəxəssisin qatıldığı tədbirdə Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov da iştirak edib. Ömərov çıxışı zamanı Azərbaycanın səhiyyə sektorunda bu sahənin inkişafı ilə bağlı görülən tədbirlər haqda məlumat verib. Konqresdə həmçinin Milli Elmlər Akademiyasının müxbir üzvü professor N.Bayramov, Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının əməkdaşı E.Abdinov, III cərrahi xəstəliklər kafedrasının əməkdaşı E.Nəbiyeva, həkim-mütəxəssis E.Rzayev, dietoloq T.Zeynalova və İ.Şamilov da çıxış ediblər. T.Ömərov konqresin beynəlxaql işlər üzrə katibi seçilib. Tədbirdə Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan bariatrik cərrahlarına da yer ayrılıb. T.Ömərov bildirib ki, bu dövlətlərdə bariatrik cərrahiyyə yenidir, Azərbaycan yaxın gələcəkdə Xəzəryanı türk xalqlarının dərnək olaraq fəaliyyət göstərməsində köməklik edə bilər.

 

Məlumatda qeyd edilib ki, 31-ci Beynəlxalq Bariatrik Klub 2016-cı ildən rəsmi olaraq Oxford Universitetinin nəzdində yaradılıb və T.Ömərov klubun elmi panellər üzrə ekspertlər sırasına daxildir. Ömərovun artıq 5 ildir üzərində çalışdıqları baraitrik-metabolik cərrahiyyə metodlarından ən çox tətbiq edilən mədənin boylama rezeksiyası (el arasında mədə kiçiltmə kimi tanınan Sleeve gatsrectomy) əməliyyatın modifikasiyasından bəhs edən çıxışı maraqla qarşılanıb. Hazırda cərrahi ağırlaşmalarının qarşısının alınmasında çoxsayda araşdırmalar var. Konqresdə dünyada bu sahədə tanınmış professorların təcrübələri ilə tanışlıq da olub. Ömərov onu da bildirib ki, son 1 ildə dünyada təxminən 834 min müxtəlif növ bariatrik-metabolik cərrahi əməliyyatlar aparılıb. Bunlardan 390 mini (47%) mədənin boylama rezeksiyası (Sleeve gastrectomy) əməliyyatıdır. Azərbaycanda son 6 ildə 3 minə yaxın bariatrik-metabolik cərrahi əməliyyatlar aparılıb, bunun təxminən 80-85 faizi mədənin boylama rezeksiyası əməliyyatıdır. Tədbir çərçivəsində əməliyyat aparılıb və 300 iştirakçı əməliyyatı canlı izləyə bilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

28/10/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->