Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanlı mütəxəssislər Türkiyədəki seminarda çıxış ediblər (FOTO)

Oktyabrın 11-13-də Türkiyənin Tekirdağ şəhərində XI Milli Məhkəmə Təbabəti seminarı keçirilib. Toplantıda iştirak edən azərbaycanlı mütəxəssislər arasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin eləcə də Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya və İnsan anatomiyası və tibbi terminologiya kafedralarının əməkdaşları da olub.

 

Tekirdağdakı seminar TURAZ Elm Dərnəyi ilə Namık Kemal Universitetinin Tibb fakültəsinin Məhkəmə təbabəti kafedrasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə, Namık Kemal Universitetinin rektoru, professor Mümin Şahin, TURAZ Elm Dərnəyinin həmsədri, Malatya şəhəri İnönü Universitetinin Məhkəmə təbabəti kafedrasının müdiri, professor Osman Celbiş çıxış ediblər. Rəsmi çıxışlarda bu tip tədbirlərin elmi əhəmiyyəti ilə yanaşı, iki qardaş ölkənin tibb elmi ictimaiyyətlərinin daha da sıx inteqrasiyasında müstəsna rol oynadığı vurğulanıb.

 

Seminarda Məhkəmə təbabətinin və patoloji anatomiyanın müxtəlif bölmələri üzrə çıxışlar sırasında Azərbaycan nümayəndə heyəti üzvlərinin - Patoloji anatomiya kafedrasının əməkdaşları Dr. Müşfiq Orucov, Dr. Camal Musayev, Dr. Mahmud Bağırzadə və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin prezidenti Dr. Qismət Quliyevin çıxışları maraqla qarşılanıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

29/10/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->