Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Hamilə qadın və körpəsinin həyatı xilas edilib (FOTO, VİDEO)

Xaçmaz rayonu Qusarçay sakini 34-35 həftəlik hamilə 37 yaşlı qadın, 22 oktyabr 2019-cu il tarixdə uşağlıqda ağrılı çapıq diaqnozu ilə Quba Regional Perinatal Mərkəzinə daxil olub. USM müayinəsində ciftin çapığa birləşməsi aşkar olunub. Ananın həyatına təhlükəli vəziyyət nəzərə alınaraq dərhal əməliyyata başlanılıb.

 

Əməliyyat Quba rayon Mərkəzi Xəstəxanasının, Quba Regional Perinatal Mərkəzin və Səhiyyə Nazirliyinin sanaviasiya xidmətinin cərrahları tərəfindən birgə həyata keçirilib. Nəticədə ananın həyatı xilas edilib.

 

Doğulan uşağı reanimasiya tədbirləri nəticəsində həyata qaytarmaq mümkün olub. Belə ki, vəziyyət dəyərləndirilərək uşağa müasir müalicə metodu sayılan passiv hipotermiya üsulu tətbiq edilib. Beləliklə, bədən hərarəti 33-34 dərəcəyə endirilib. Uşağa tənəffüs dəstəyi verilib. Hazırda uşaq sərbəst nəfəs alır, aktiv əmir, çəkisi artır. Ana və uşağın vəziyyəti qənaətnəxş qiymətləndirilir.

 

Azərbaycanda qəbul edilən "Ana və uşaqların sağlamlığının qorunması" Dövlət Proqramı çərçivəsində Quba Regional Perinatal Mərkəzi də bütün doğuşayardım tibb müəssisələri kimi müasir tibbi avadanlıqlarla təchiz edilib, kadr potensialı gücləndirilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

 

 

 

 

31/10/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->