Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

3D formatlı cihazla əməliyyat aparıldı (FOTO)

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ölkəmizdə ilk dəfə olaraq 3D+ Laparoskopik ginekoloji əməliyyat icra edilib.

 

Cərrahiyyə əməliyyatı Klinikanın II-ci Mama-Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov və komandası tərəfindən uğurla icra olunub. 3D+ formatlı kameranın yaratdığı komfortlu görüntüyə görə əməliyyat gözlənilən müddətdən daha erkən və uğurla başa çatıb. Beləliklə, ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri növbəti dəfə innovativ təchizatdan istifadə edərək müasir əməliyyat icra ediblər.

 

Üçölçülü təsvirin əsas üstünlüyü ondadır ki, bu zaman həkim daxili orqanları olduğu kimi görüb daha düzgün qərar verə bilir. Orqanlar arasındakı məsafə, onların bir-birinə nisbətən yerləşməsi, dərinliyi – hər bir şey insan gözünün gördüyü kimi əks olunur. Çünki insan gözü istənilən obyekti iki rakursdan müşahidə edib birləşdirir və beynə ötürür. Beləliklə 3D təsvir yaranır. Yeni cihaz məhz bu cür üçformatlı aydın təsvir yaradır.

 

Kiçik dəlikdən içəri yeridilən 3D formatlı kameranın köməyilə qarın boşluğunun içi tam gözlə görünən formatda əks olunur. Bu da həkimə imkan verir ki, əməliyyatı daha dəqiq yerinə yetirsin. Sanki həkim açıq əməliyyat yerinə yetirir, amma burada insan gözünün və beyninin işini cihazlar yerinə yetirir.

 

3D+ Lapraskopik aparatı kameralar və optik linza sistemindən ibarətdir. Bu cihaz xəstənin daxilindəki təsvirləri 3D monitora ötürür. 3D eynəkləri isə monitordakı təsviri həcmli şəkildə görməyə imkan verir.

 

Tanınmış cərrah-ginekoloq Turab Canbaxışov uğurlu əməliyyata görə bütün komandasına - Ülviyyə Siraclıya, Xanım Hacıyevaya, Rezident Fəridə Hacıyevaya, əməliyyat tibb bacısı Lətafət İbrahimova və köməkçisi Tərlanə xanıma, peşakar anestezioloqlar Məmməd Şirinov və Aynaz xanıma, texniki işçilərə Vüsal və Elnura təşəkkür edir və dərin minnətdarlığını bildirir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

6/11/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->