Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan nümayəndə heyəti İordaniyada keçirilən beynəlxalq müşavirədə iştirak etdi (FOTO)

İordaniya Respublikasının paytaxtı Amman şəhərində 6-7 noyabr 2019-cu il tarixdə TAİEX tərəfindən təşkil olunan “Antibiotiklərə qarşı rezistentlik" mövzusu üzrə beynəlxalq müşavirə keçirildi.

 

Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun aparıcı məsləhətçisi Nəzifə Mürsəlova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri Jalə Nəsibova, AQTİ Keyfiyyətə Nəzarət şöbəsinin müdiri İlqar Abdullayev, AQTA Qida Təhlükəsizliyinə Nəzarət sektorunun nümayəndələri Vüqar Ağakişiyev və Vüsal Məmmədov müşavirədə iştirak etdilər.

 

Müşavirənin keçirilməsində əsas məqsəd – antibiotik istifadəsinin azaldılması üzrə strategiyanın həyata keçirilməsində yaranan problem və çətinliklərə ümumi nəzər salmaq, eyni zamanda yeni tədbirlər və tövsiyələr hazırlamaqla ölkələr səviyyəsində antibiotikdən səmərəli istifadəyə nail olmaqdır. Mikroblara qarşı Mübarizə Şəbəkəsinin Orta Asiya və Avropa Nəzarəti (CAESAR) tərəfindən ölkələrin məlumatlarının yığılaraq statistika yaradılması nəzərdə tutulur. Azərbaycan da bu ölkələr arasındadır. CAESAR antibiotik istehlakı nəzarətini gücləndirməyə xüsusi diqqət yetirərək, antibiotikdən səmərəli istifadə və infeksiyaya nəzarət istiqamətində ölkələrin vəziyyətini təhlil etməyi təklif edir.

 

Müşavirədə Azərbaycan, Belarus, Misir, Gürcüstan, İsrail, İordaniya, Livan, Əlcəzair, Liviya, Moldova, Mərakeş, Fələstin , Tunis, Ukrayna – bir sözlə, ÜST-ə üzv olan 15 ölkənin nümayəndələri təmsil olundular.

 

Yekunda iki gün ərzinə aparılan müzakirələrin və nəticələrin analizi həyata keçirildi, bu istiqamətdə gələcək planlarla bağlı fikirlər dinlənildi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

8/11/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->