Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Vaxtından əvvəl və bağırsağı çöldə doğulan körpəni ATU həkimləri sağaltdı (FOTO)

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında daha bir ağırlaşmış hamiləlik anamnezindən doğulmuş körpənin müalicəsi uğurla nəticələnib. Uşaq qeyseriyyə yolu ilə vaxtından əvvəl – 32-33 həftəliyində 1,8 kq çəki ilə dünyaya gəlib.

 

Hamiləliyin 30-cu həftəsində pasityentə qastroşizis diaqnozu qoyulub.

 

Qastroşizis - inkişaf qüsurudur. Qarının ön divarında, göbək ətrafında əzəlı qatı bətn daxilindən defektiv olduğundan, bağırsaqlar qarın boşluğunda deyil, xaricdə olur.

 

Qarındaxili sahə kiçik qalır, orqanların yenidən yerinə yerləşdirilməsi cərrah üçün çətinlik təşkil edə bilər. Eyni zamanda, bu xəstələrə əməliyyatdan sonrakı dövrdə peşəkar neonatal xidmət tələb olunur. Belə ki, xəstələrdə bu dövrdə bağırsaq nekrozu - Nekrotik enterokolit xəstəliyi, erkən neonatal sepsis, böyrək catışmazlığı yaranma ehtimalı yüksəkdir.

 

Doğumdan dərhal sonra ilk növbədə qarnın defektiv nahiyəsinin, orqanların sterilliyi qorunaraq vəziyyəti stabilləşdirilir, əməliyyata hazırlanaraq cərrahi müdaxilə aparılır - bağırsaqlar qarın içinə yerləşdirilir və qarın örtülür.

 

Həkim bildirir ki, dölyanı suyun çox olması, dölün bətndaxili inkişafının zəifləməsi ilə yanaşı, ürək döyüntülərinin və hərəkətlərinin zəifləməsi müşahidə olunduğundan, körpənin sağ qalması üçün hamiləliyin 32-33-cü həftəsində sonlandırılması qərara alınıb.

 

Körpə noyabrın 20-də dünyaya gəlib. Cərrahi əməliyyatdan sonra körpə ATU TCK-nın neonatologiya şöbəsində müalicə alıb. Əməliyyatdan sonra həm qarındaxili təzyiqin artması və bunun diafraqmanı sıxması nəticəsində yaranan tənəffüs çatışmazlığıyla yanaşı, vaxtından erkən doğulmuş körpələrdə görünən “Respirator Distress Sindromu” səbəbindən yenidoğulmuş 3 gün ağciyərlərin süni ventilyasiyası aparatında tənəffüsün məcburi dəstəklənməsi, 1 gün -n CPAP - köməkci tənəffüs dəstəyi aparatında tənəffüs terapiyası aparılıb.

 

Antibakterial, infuzion terapiya aparılmış, hissəvi parenteral qidalanma 9-cu günündən etibarən ana südü olmaqla tam enteral qidalanmaya keçirilib. Körpədə gözlənilən heç bir fəsad olmayıb. Dekabrın 2-də körpə çəkisini artıraraq sağlam vəziyyətdə evə yazılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

9/12/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->