Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Əczaçılıq müəssisələrində təkrar reydlər keçirmişdir

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2011-ci ilin 6 ayı ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana əsasən təkrar reydlər keçirilmişdir.

 

Ümumilikdə respublika üzrə 59 aptekə baxış keçirilmişdir, bunlardan 12 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 39 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 8 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanmışdır. Aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyətləri dayandırılmışdır.

Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 3 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilmişdir.

 

Həmçinin keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1150 seriya (4987 qutu), istifadə müddəti bitmiş 12 qutu dərman preparatları aşkarlanaraq müsadirə edilmişdir

 

Analitik Ekspertiza şöbəsi tərəfindən respublikaya idxal olunan 12540 seriya dərman preparatlarının nümunələrinin laborator yoxlamaları aparılmışdır.

 

Səhiyyə Nazirliyinə yeni təşkil olunan aptek təşkilatlarına baxış keçirilməsi ilə əlaqədar daxil olmuş məktublar əsasında respublikanın müxtəlif bölgələrində yaradılacaq 368 obyektə baxış keçirilərək 279 obyektə müsbət, 89 obyektə mənfi rəylər tərtib edilmişdir.

Səhiyyə Nazirliyinin qaynar xətt telefonu vasitəsilə Mərkəzə 74 sayda müraciət daxil olmuşdur. Bunlardan apteklərdən alınan dərman vasitələrinin seriyalarının yoxlanması məqsədilə olunan müraciətlər çoxluq təşkil etmiş, şikayətlərlə bağlı müvafiq tədbirlər görülmüşdür. 

 

Son altı ay ərzində 492 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikasının Dövlət Reyestrinə salınmışdır. Hal-hazırda Azərbaycan Respublikasının Dövlət Reyestrində 3940 adda dərman vasitəsi vardır ki, bunların da ölkə ərazisinə idxalına və istifadəsinə icazə verilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11/08/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013