Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Yenidoğulmuşların reanimasiya şöbələrindəki avadanlıqlardan istifadə qaydasının təkmilləşdirilməsi” mövzusunda təlimlər başa çatıb (FOTO)

Bu ilin noyabr və dekabr aylarında Ümumdünya Səhiyyə Təşkilatının, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yenidoğulmuşların reanimasiya şöbələrindəki avadanlıqlardan istifadə qaydasının təkmilləşdirilməsi” mövzusunda regionlarda keçirilən təlimlər başa çatıb. Mingəçevir, Lənkəran və Şirvan şəhərləri, habelə Qazax, Tovuz, Şəki, Zaqatala, Qax, Neftçala və Sabirabad rayonlarında keçirilən təlimlərə həmin regionların tibb müəssisələrində çalışan həkim-neonatoloqlar və tibb bacıları ilə yanaşı, Masallı, Lerik, Qəbələ, Saatlı, Zərdab, Hacıqabul, İmişli, Beyləqan və Ağcabədi rayonlarında müvafiq sahə üzrə fəaliyyət göstərən tibb işçiləri də iştirak edib.

 

Təlimlər yenidoğulmuşlara vaxtında, keyfiyyətli, ardıcıl ilkin və reanimasiya yardımının göstərilməsi, həyati vacib orqan və sistemlərin funksiyalarının bərpası ilə bağlı metodik tövsiyələrin verilməsi, o cümlədən tibbi avadanlıqlardan düzgün istifadə qaydalarının öyrədilməsi məqsədilə keçirilib.

 

Təlimçilər qismində Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nərgiz Şərifova, nazirliyin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların reanimasiya şöbəsinin mütəxəssisi Aynur Bağırova çıxış ediblər.

 

Təlim müddətində iştirakçılara ana südü ilə qidalandırmanın üstünlükləri, qidalandırma zamanı yaranan çətinliklərin həlli yolları, o cümlədən neonatal reanimasiyada tibbi avadanlığın istifadəsi barədə məlumat verilib. Bununla yanaşı, tibb heyətinin həmin avadanlıqlardan istifadə bacarıqlarını artırmaq və təkmilləşdirmək məqsədi ilə təcrübi məşğələlər aparılıb.

 

Qeyd edək ki, təlimlər Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi ilkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsi çərçivəsində keçirilib. İlkin səhiyyə xidməti səhiyyə xərclərinin səmərəliliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq edilir və səmərəliliyi sübut olunub. Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayan ilkin səhiyyə xidməti icbari tibbi sığorta sisteminin inkişafına təkan verən vacib komponentdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

25/12/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->