Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ölkə başçısı Şabran Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir

Avqustun 15-də Prezident İlham Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, bu gün ölkəmizdə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsi indi özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Bütün bunlar dövlətin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.

Üçmərtəbəli xəstəxananın tikintisinə 2008-ci ilin oktyabrında başlanılmışdır. Tikintinin ümumi sahəsi 5 min 117 kvadratmetrdir. Xəstəxananın inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir. 80 çarpayılıq xəstəxananın birinci mərtəbəsində doğum şöbəsi və poliklinika fəaliyyət göstərir. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otolorinqoloq, terapevt kabinetləri eləcədə terapiya və uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri vardır. Bütün kabinetlər ən müasir avadanlıqla təchiz edilmişdir. Xəstəxananın müasir avadanlıqla təmin edilməsi, ilk növbədə, burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkilinə və aparılmasına hərtərəfli imkan yaradır.

Dövlətimizin başçısına məlumat verərkən qeyd olundu ki, Şabran Rayon Mərkəzi Xəstəxanasında 60-dək həkim və 140-dək orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində dayanacaqdır. Bu xəstəxananın istifadəyə verilməsi həm də ölkədə səhiyyə sahəsinin ən müasir səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımların növbəti uğurlarından biridir. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycan səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır.

Şabran Rayon Mərkəzi Xəstəxanası ilə tanışlıqdan sonra dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri və tibb işçiləri ilə görüşdü və yeni xəstəxana binasının istifadəyə verilməsi münasibətilə tibb işçilərini və ictimaiyyət nümayəndələrini təbrik etmişdir.

Öz növbələrində şabranlılara  ümumiyyətlə isə bütün ölkə səhiyyəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən tibb işçiləri onlara bəxş olunan  bu gözəl xəstəxana binasında bundan sonra öz vəzifə borclarını daha da   layiqincə icra edəcəklərinə, əhalinin sağlamlığının keşiyində layiqincə duracaqlarına, əhaliyə yaxşı tibbi xidmət göstərmək üçün əllərindən gələni əsirgəməyəcəklərinə və bunun üçün səylərini, bilik və bacarığımızı qat-qat artıracaqlarına söz verdilər.


Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

16/08/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013