Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-da 20 Yanvar hadisələrinin 30-cu ildönümü qeyd edildi (FOTO)

30-cu ilönümünü qeyd etməyə hazırlaşdığımız 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri, insanlığa qarşı yönələn təcavüzdür. Bu fikir bu gün Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimində səslənib.

 

Mərasimdən öncə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr ATU-da şəhid tələbələrin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər, önünə əklil qoyublar.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu gün Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər, xarici siyasətdə əldə etdiyi uğurların müstəqilliklə əlaqədar olduğunu bildirdi: “Çünki müstəqilliyimiz olmasaydı, istər siyasi, istər iqtisadi, istər mədəni, elmi nəticələr də olmayacaqdı.Bu müstəqillik heç də rahat şəkildə, ucuz qiymətə, heç də az qurban nəticəsində əldə olunmayıb. Müstəqilliyimiz yolunda 20 Yanvar hadisəsinin xüsusi tarixi əhəmiyyəti vardır. Həmin gecə baş verənləri nahaq yerə faciə adlandırmırıq. Bir neçə saat ərzində əliyalın, dinc əhaliyə qarşı zirehli texnika çıxarıldı, yeni silah növləri istifadə olundu. İnsanlara qarşı vəhşilik törədildi, yüzlərlə insan qətlə yetirildi. Xalqımıza qarşı bu vəhşiliyi, hərbi təcavüzü törədənlər hələ də layiqli cəzalarını almayıblar”.

 

Rektor 1990-cı il Yanvar hadisələrinin xalqımızdakı həmrəylik hislərini gücləndirdiyini, milləti birləşdirdiyini qeyd etdi: “Hər bir xalqın tarixində bütövlükdə həmin xalqın inkişafına, bir millət kimi formalaşmasına, müstəqilliyini qazanmasına və qorumasına təsir edən xüsusi günlər olub. Bizim tarixdə də 20 yanvar o günlərdən biridir. 20 yanvar faciəsini Azərbaycan Milli ruhunun qələbəsi adlandırmaq olar. Həmin dövrdə telefon, whatsapp kimi şəbəkələr, rabitə növləri yox idi. Hətta olanlar da işləmirdi. Yalnız ürəyinin, düşüncəsinin və milli ruhun çağırışı ilə milyonlarla insan Azadlıq meydanına doldu. Və şəhidlərimizin dəfn mərasimi həmin qələbənin ilk rəmzinə çevrildi. Bütün dünya gördü ki, Azərbaycan xalqını nəinki sındırmaq mümkün olmadı, əksinə bu faciə insanları birləşdirdi”. G.Gəraybəyli faciəni törədənlərin layiqli cəzasını alacağına əminliyini bildirdi.

 

Sonra ATU-nun Tələbə Gənclər Təşkilatının 20 Yanvar hadisələrindən bəhs edən video-çarxı təqdim olundu.

 

ATU-nun Ümumi cərrahlıq kafedrasının professoru Məmməd Kərimov, I cərrahi xəstəliklər kafedrasının professoru Eldar Əliyev və digər çıxış edənlər Azərbaycan xalqına qarşı yönələn bu dəhşətli cinayət, eyni zamanda tarixi yaddaşımıza dərin hüzn və milli qürur günü kimi həkk olunan qanlı yanvar gecəsi haqqında xatirələrini bölüşdürlər. II müalicə-profilaktika fakültəsinin II kurs 218 6-B qrup tələbəsi Dilbər Əliyeva bütün tələbələr adından çıxış edərək Azərbaycan gəncliyinin müstəqilik uğrunda həlak olan şəhidlərimizin ruhunu daim uca tutacağını dedi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

16/01/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->