Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin iyul ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 74 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunmuş, 10 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 642, mikrobioloji göstəricilərinə görə 195 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Müayinələrin 5-də orqanoleptik və fiziki-kimyəvi, 2-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunmuşdur.
Şadlıq evlərindən 2443 yaxma, 7 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 38-də mikrobioloji çirklənmə aşkar edilmişdir.
İyul ayı ərzində əhali arasında 114 qida zəhərlənməsi hadisəsi baş vermiş, 127 nəfər zərərçəkən olmuşdur.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən süd məhsullarının da təhlükəsiz göstəriciləri yoxlanılmışdır.
Süd məhsullarının təhlükəsizlik göstəriciləri üzrə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 26.07.2011-ci il tarixdən başlanmış laboratoriya müayinələrinin nəticələrinə görə İsmayıllı rayonunun İvanovka kəndində fiziki şəxs Leontiyev Qennadiy Timofeyeviçə məxsus pendir istehsalı sexindən təkrar götürülmüş pendir nümunələrində Bağırsaq çöpləri qrup bakteriyalari (koliformlar), St.Aureus , Klepsella və Protey bakteriyaları aşkar edilmişdir.
Eyni zamanda İsmayıllı şəhəri Girdman küçəsi 5 ünvanda fiziki şəxs Cəfərov Mirsəməd Ağasəməd oğluna məxsus pendir istehsalı sexindən təkrar götürülmüş pendir nümunələrində Bağırsaq çöpləri qrup bakteriyalari(koliformlar) aşkar edilmişdir.
İstehsal sexlərində keçirilmiş sanitariya müayinələri zamanı aşkar edilmiş nöqsanlarla əlaqədar hər iki sexin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilmişdir. Sahibkarlar inzibati qaydada cərimə edilmişdir.
17/08/2011