Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Tibb Universiteti rezidentlərinin 8-ci Elmi-Təcrübi Konfransı (ATUREK-8) barədə Elan

2020-ci ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə və ATU-nin 90 illik yubileyinə həsr olunan Azərbaycan Tibb Universiteti rezidentlərinin 8-ci Elmi-Təcrübi Konfransının keçirilməsi nəzərdə tutulub (ATUREK-8). Konfransın təşkilat komitəsi bütün klinik bazaların rezidentlərini konfransda iştirak etməyə və konfransın toplusunda elmi araşdırmaların nəticələrini (tezisləri) dərc etməyə dəvət edir. Konfransda təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işləri səsli və poster məruzələr şəklində dinləniləcəkdir. İştirakçılar 40 ixtisas üzrə tibbin müxtəlif sahələrini əhatə edən müasir bilikləri paylaşacaq və müzakirə edəcəklər. Konfrans ATU-nun 4 klinikasında, 15 konfrans salonunda keçiriləcək.

 

Münsiflər heyəti tərəfindən ən yaxşı səsli və poster məruzələr diplom və hədiyyələrlə mükafatlandırılacaq. Bütün iştirakçılara konfransın yekununda iştirakçı sertifikatı veriləcək. Ən yaxşı elmi-tədqiqat işləri məqalə şəklində çap üçün seçiləcək və müvafiq elmi işlərin rəhbərlərinə diplomlar veriləcək.

 

Konfransın təşkilat komitəsi ölkə rezidentlərini konfransda iştirak etməyə və topluda elmi araşdırmalarının nəticələrini (tezisləri) dərc etdirməyə dəvət edir. Konfransın materialları toplu şəklində dərc ediləcək.

 

Tezislər aşağıdakı qaydalara əməl etməklə tərtib olunmalıdır:

 

• 300 sözdən çox olmayan həcmdə (başlıq istisna olmaqla);

• Times New Roman 14 (AZ) şriftində;

• Azərbaycan, rus və ya ingilis dilllərində;

 

Tezisin bəndləri və onların ardıcıllığı:

 

o Tezisin başlığı;

o Tezisin müəllifləri, işin rəhbəri;

o Tezis müəlliflərinin çalışdığı müəssisə;

o Açar sözlər;

o Giriş;

o Tədqiqatın məqsədi;

o Material və metodlar;

o Nəticələr (bu bölmədə 1/2 səhifədən böyük olmayan cədvəl və ya şəkil verilə bilər);

o Müzakirə.

 

 

Tezislər 01.03.2020-ci il tarixinə qədər müəllifin telefon nömrəsi qeyd olunmaqla (CD-diskdə), rezidentin rəhbərinin dərkənarı ilə, çap olunmuş A4 variantda, Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinə (saat 8:30-dan 15:00-dək) təqdim etməyiniz xahiş olunur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

30/01/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->