Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Beynəlxalq Stomatoloq Günü qeyd edilir

Hər il fevralın 9-u dünyada diş həkimləri və stomatoloqların bayramı - Beynəlxalq Stomatoloq Günü qeyd edilir. Həmin günün qeyd olunması ənənəsi ildən-ilə daha geniş yayılır.

 

Müqəddəs Apolloniya Günündə stomatoloq və diş həkimlərinin peşə bayramını qeyd edilməsinin əsaslı səbəbləri var. Həmin gün katolik kilsəsinin şəhidi Apolloniya xatırlanır. İsaya inam gətirən İskəndəriyyə məmurunun qızı Apolloniyanın xristianlıqdan dönməsi üçün ona dəhşətli işgəncələr verilib. İşgəncələrin xarakterinə görə müqəddəs Apolloniyanın atributları dişlər və ya kəlbətin olub, bütün işgəncələrə davam gətirən qadını tonqalda yandırmaqla hədələyəndə o özü alovun içinə doğru addımlayıb. Həmin hadisə 249-cu il fevralın 9-da baş verib.

 

ABŞ və Fransa alimləri tədqiqatlar zamanı qədim "stomatoloqların" hələ 9 min il əvvəl ilk bormaşının prototipindən istifadə etdiklərini aşkar ediblər. Pakistanın Belucistan əyalətində tapılan bizim eradan əvvəl VI-IV əsrlərdə yaşamış insan qalıqlarını tədqiq edərkən onların bəzi dişlərində 1-3 millimetr diametrdə və 3,5 millimetrə qədər dərinlikdə deşiklər aşkar edilib. Həmin fakt stomatologiyanın qədimliyinin sübutudur və maraqlıdır ki, açılan deşiklərdən biri çənənin iç tərəfindən olub.

 

Azərbaycanda diş həkimlərinin ilk təşkilatı 1871-ci ildə Bakıda yaradılıb. 1919-cu ildə Bakı Dövlət Universitetində açılan tibb fakültəsində tələbələr diş xəstəliklərini öyrənməyə başlayıblar. 1930-cu ildə yaradılmış Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin verdiyi ixtisaslara stomatologiya ixtisası da daxil edilmişdi. Stomatologiya fakültəsi sərbəst fakültə kimi 1954-cü ildə yaradılıb. 1977-ci ildə uşaq stomatologiyası kafedrası açılıb. 2002-ci ildən Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası fəaliyyət göstərir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

10/02/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->