Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Baş epidemioloq virusdan qorunmağın sadə yolunu açıqlayıb (VİDEO)

Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul - buruna perekis tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər dolaşır.

 

Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev bildirir ki, bu metoddan özbaşına istifadə etmək məsləhət deyil: “Əvvəlcə, həkimlə məsləhətləşmək lazımdır. Çünki bildiyiniz kimi perekis qıcıqlanma yarada bilən bir məhluldur. Hazırda bütün xəstəxanalarımız gücləndirilmiş rejimdə işləyirlər. Ona görə də insan özündə nəsə hiss edərsə, həkimə müraciət etməsi məsləhətdir”.

 

Baş epidemioloq bildirir ki, gün ərzində əlləri və üzü sabunla yumaq daha effektiv metoddur: “Sabun məhlulu ilə burun dəliklərini də yumaq olar. Alternativ variant kimi “Oksalin” məlhəmini də qorunmaq üçün burun dəliklərinə sürtmək olar”.

 

Qoruyucu maska taxılmasına gəlincə, mütəxəssis bunun ətrafında ajiotaj yaradılmasını düzgün saymır: “Bu gün insanları narahat edəcək hal yoxdur. Əminliklə deyə bilərəm ki, Azərbaycanda koronavirus yoxdur. Bir daha qeyd edirəm ki, virusdan qorunmaq üçün gigiyenik normalara əməl etmək daha yaxşı olar”.

 

Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev bildirir ki, hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. O, ölkədə koronavirus epidemiyasının olması ilə bağlı iddiaların əsassız olduğunu bildirib. Yalan informasiyalarla əhali arasında panika yaratmağın düzgün olmadığını bir daha vurğulayıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

28/02/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->