Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Real TV telekanalına müsahibə verib

Bildiyiniz kimi, Narkomaniya və Narkobizneslə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT İyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Azərbaycan Respublikası ərazisində narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir.

 

Bu gün Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov Real TV telekanalının “Real İntervyu” adlı verilişinin efirində çıxış edib, Azərbaycanda narkomaniya ilə mübarizə sahəsi haqqında ətraflı məlumat verib. Verilişin aparıcısı qonaqla müsahibəni Respublika Narkoloji Mərkəzinin fəaliyyəti ilə bağlı sual verməklə başlayıb.

 

“Narkomaniya” sözü hərfi mənada “yuxugətiricilərə qarşı şiddətli meyl” kimi tərcümə olunur. Amma hazırda bu termin “psixoaktiv maddələr” (PAM)-dan asılılıq anlayışı ilə əvəzlənib. Dünyada 6 qrupa cəmləşdirilmiş 200-dən artıq psixoaktiv maddələr mövcuddur. Bu maddələrin hər biri özünəməxsus təsir xüsusiyyəti və orqnizmdə fəsad yaratmaq qabiliyyətinə malikdir. PAM-ların əsas xüsusiyyəti insanda asılılıq yaratmalarıdır. Asılılıq 2 qrupa bölünür: fiziki və psixi. Respublika Narkoloji Mərkəzdə psixoaktiv maddələrdən asılı olan şəxslərin müalicə və reabilitasiyası həyata keçirilir. 350 çarpayılıq Respublika Narkoloji Mərkəzində hal-hazırda 320 nəfərdən çox xəstə stasionar müalicə alır. Onlardan 13-ü qadın, 70-i isə məcburi müalicə alan xəstələrdir. Bundan əlavə, hazırda RNM-də “Metadonla Əvəzedici Müalicə” adlı proqramı da təqbiq edilir, onun çərçivəsində 568 nəfər xəstə müalicə alır” - deyə, Pərvin Məmmədov verilən sualı cavablandırıb.

 

Bundan sonra verilişdə ölkəmizdə narkoloji xəstələrin sayı haqqında mövzu qaldırıldı. Narkoloji Mərkəzinin şöbə müdirinin sözlərinə görə, hal-hazırda respublikamızda 32921 nəfər rəsmi qeydiyyatda olan PAM-dan aslı şəxs var. Onların əksəriyyəti 18-45 yaş aralığında olan şəxslərdir. Pərvin Məmmədov deyib: “Çox təəssüf ki, illər keçdikcə bu prosesdə «cavanlaşma» müşahidə olunur. İnsanların əksəriyyətində psixoaktiv maddələrin ilk qəbulundan sonra asılılıq yaranır. Bir sual meydana gəlir ki, axı niyə insanlar belə maddələrdən istifadə edir və özlərində asılılıq yaradır? Bu sualın bir çox cavabı var. Ən çox rast gələn səbəb ətrafdakıların təkidi və həvəsləndirməsidir, necə deyərlər, bir dəfə “dadına baxmaq” təklifi. Buradan da digər bir sual yaranır: bəs niyə bəziləri bu kimi təkliflərdən imtina edir, bəziləri isə yox? Məncə, bu məsələdə tərbiyə, psixoaktiv maddələr haqqında kifayət dərəcədə məlumatlı olmaq, ətrafdakı təzyiqlərə qarşı dözümlülük bu hallarla mübarizənin əsas silahlarıdır”.

 

Müsahibənin davamında aparıcının ölkəmizdə hal-hazırda PAM-dan asılı olan şəxslərin istifadə etdiyi maddələr haqqında sualını cavablandıran Pərvin Məmmədov bildirib ki, istifadə olunan psixoaktiv maddələr gündən-günə dəyişir. O, hal-hazırda PAM-dan asılı olanlar tərəfindən təsir xüsusiyyətləri bir-birinə zidd olan iki maddələrdən birlikdə istifadə halları üstünlük təşkil etməyindən təəssüf hissi keçirdiyini bildirib.

 

“Real İntervyu” verilişinin qonağı, həmçinin, Azərbaycanda fəaliyyət göstərən narkoloji tibb müəssisələrin müalicə ilə yanaşı maarifləndirmə tədbirlərində də yaxından iştirak etdiyini xüsusi vurğulayıb. Onun verdiyi məlumata görə, 2011-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə “Narkotiklərə YOX Deyək!” adlı tədbirlər silsiləsinə start verdi. Layihənin məqsədi bir il ərzində Bakı məktəblərində şağirdlərin narkomaniyanın fəsadları haqqında məlumatlandırması idi. Əvvəlcə tədbirlərin bir il ərzində keçirilməsi nəzərdə tutulmuşdur, lakin layihə artıq bir neçə ildir ki, davam etməkdədir. Bundan əlavə, Respublika Narkoloji Mərkəzi Təhsil Nazirliyi və İctimai Səhiyyənin İslahatları Mərkəzi ilə birlikdə maarifləndirmə məqsədi ilə muxtəlif metodik tövsiyələr, bukletlər hazırlamış və keçirilən tədbirlər zamanı şagird və tələbələrə paylanmışdır. Və bugün RNM-ə müraciətlərin sayı həddindən artıq artmasını həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticəsi kimi qiymətləndirmək olar. Əvvəllər insanlar məlumatsızlıq səbəbindən müalicə müəssisələrinə müraciət etməkdən çəkinirdilərsə, indi bu hal aradan götürülmüşdür. İnsanlar çəkinmədən müraciət edir və mərkəzin həkimlərinin və digər tibb personallarının köməklərindən istifadə edirlər. RNM-ə müraciət etmiş xəstələrlə əvvəlcə stasionar şəraitdə detoksikasiya, fiziki asılılığın götürülməsi, itirilmiş vitamin balansının bərpa olunması və orqanizmdə PAM qəbulu nəticəsində yaranmış digər fəsadların aradan qaldırılması, sonra isə psixoloqlar tərəfindən psixoloji dəstək həyata keçirilir. RNM-də müalicəsi yekunlaşmış Bakı qeydiyyatında olan xəstələr Bakı Şəhər Narkoloji Dispanserində digər rayon və şəhərlərdə qeydiyyatda olan xəstələr isə regional dispanserlərdə ambulator nəzarətə buraxılır. Ambulator nəzarət müddəti ərzində xəstələrin reabilitasiya kurslarından keçməsi mütləqdir. Xəstələrin reabilitasiyaya uyğunluğu xüsusi proqramlar vasitəsi ilə mütəxəssislər tərəfindən müəyyən edilir. Bundan əlavə xəstələrin yaxınları, ailə üzvləri də psixoloqlar tərəfindən müəyyən olunmuş proqramları keçməlidir. Psixoaktiv maddələrdən asılılıqdan yaxınların dəstəyi olmadan qurtulmaq çox çətin olduğunu qeyd edən Pərvin Məmmədov belə vəziyyətdə xəstələrin valideyinləri və digər yaxınların rolunun olduqca vacib olduğunu vurğuladı.

 

Müsahibəsinin sonunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri hazırda COVİD-19 pandemiyası tərəfindən PAM-dan istifadə edənlərin müalicəsində yaradılmış çətinliklərin mövcud olduğunu diqqətə çatdırıb. Pərvin Məmmədovun sözlərinə görə, psixoaktiv maddələrin istifadə edən şəxslərin immun sistemləri zədələnmiş vəziyyətdə olmasını nəzərə alaraq, onların koronavirusa asanlıqla yoluxa biləcəyini iddia etmək olar. Pərvin müəllim verilişin tamaşaçılarına bu haqda daha ətraflı məlumat verdi: “Belə xəstələrin satasionarda qorunmasının təşkili də olduqca çətin bir işdir. Amma biz bunu edirik - müraciət edən xəstələrin temperaturları ölçülür, anamnestik məlumatlar toplanılır. Əgər hər hansı bir şübhəli əlamət və ya simptom aşkar olunarsa, xəstənin stasionara qəbulu dayandırılır və ondan COVİD-19 virusunun olmamasını təsdiq edən sənəd tələb olunur. Xəstə yalnız bu sənədlə yaxınlaşdığından sonra xəstəxanaya yerləşdirilir. Və təbii ki, xətəxanada müalicə alan xəstələrin koronavirusa yoluxmuş yaxınları ilə görüşmələri tamamilə dayandırılır”.

 

 

 

 

26/06/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->